Azərbaycan və Meksika arasında telekommunikasiya sahəsində Əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
14 oktyabr 2010 12:57 (UTC +04:00)

Azərbaycan və Meksika arasında telekommunikasiya sahəsində Əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 10-13 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Quadalaxara şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransında iştirak etmək üçün Meksikada səfərdə olub.

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əli Abbasov Quadalaxara şəhərində Konfransın işi çərçivəsində BTİ-nin Baş Katibi H.Ture və bir sıra dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçirib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Afrika ölkələrinin toplantısında çıxış edib. Oktyabrın 12-1də və 13-də Əli Abbasov Meksikanın paytaxtı Mexiko şəhərində səfərdə olub. Mexiko şəhərinə səfər çərçivəsində nazir Karlos Slimin rəhbərlik etdiyi “Grupo Carso” birliyinin tərkibinə daxil olan “Telmex” və “Telcel” şirkətlərinin fəaliyyəti ilə tanışlıq xarakterli görüşlər keçirib, Meksika paytaxtı Ali Məhkəməsinin sədri Edqar Elias Azar (Edgar Elías Azar) ilə görüşüb. Mexiko Ali Məhkəməsinin sədri ilə görüşdə rabitə və informasiya texnologiyaları sahəsində investisiya qoyuluşlarının qorunması üçün hüquqi bazanın inkişaf etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.

Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikanın rabitə və nəqliyyat naziri Xuan Fransisko Molinar Orkasitas (Juan Francisco Molinar Horcasitas) ilə görüşüb. Görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin inkişaf etdirilməsi, iki ölkənin rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Görüşün sonunda Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları Hökumətləri arasında telekommunikasiya və rabitə və informasiya texnologiyaları sahəsində Əməkdaşlıq haqqında saziş imzalanıb.


Əli Abbasovun Meksikaya səfəri çərçivəsində 2010-cu ildə Meksikanın müstəqilliyinin 200 illik və İnqilabın 100 illik yubileyinin qeyd edilməsi münasibəti ilə Azərbaycan və Meksikanın poçt xidmətlərinin “Tarixi yerlər” mövzusunda birgə hazırladığı “Azərbaycan–Meksika Birgə Buraxılışı” poçt markalarının dövriyyəyə buraxılması ilə əlaqədar rəsmi təqdimat keçirilib. Azərbaycan tərəfinin poçt markalarında qədim Atəşgah məbədi, Meksika Poçt Xidmətinin hazırladığı markalarda isə Ay Ehramı tarixi abidəsinin rəsmləri əks etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar