“Qurban Abbasov” 16 il sonra üzməyə başladı - FOTO
20 sentyabr 2010 16:56 (UTC +04:00)

“Qurban Abbasov” 16 il sonra üzməyə başladı - FOTO

Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev yeni alınmış və təmirdən çıxmış gəmilərin istismara verilməsi mərasimində iştirak edib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev əvvəlcə uzun müddət istismardan sonra əsaslı təmirdən çıxmış “Qurban Abbasov” kran-montaj gəmisinə gəlib, gəminin təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Bu gəmi 1984-1986-cı illərdə Finlandiyanın Turku Gəmiqayırma tərsanəsində inşa edilən, katamaran tipli nəhəng bir üzən dəniz qurğusudur. 1988-ci ildə “Titan-4” adı altında Xəzər dənizinə gətirilən bu gəminin uzunluğu 141 metr, eni 54 metrdir. Gəminin əsas kran mexanizminin ümumi yükqaldırma gücü 600 ton, göyərtənin yükgötürmə qabiliyyəti isə 1200 ton təşkil edir. “Qurban Abbasov” gəmisi 1994-cü ildə təmirə dayandırılıb, lakin müəyyən səbəblər üzündən yenidən istismara qaytarılmayıb.


2006-cı ildən gəminin əsaslı təmiri və modernləşdirilməsi işlərinə başlanıb. Bu məqsədlə xüsusi layihə planı işlənib hazırlanıb, təmirin keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif xarici ölkələrin layihə qurumları ilə 12 saziş imzalanıb. Təmir zamanı şefmontaj işlərini aparan xarici şirkətlərə yardım işləri baş podratçı, yerli “Xəzər” gəmiqayırma və gəmi təmiri şirkəti tərəfindən həyata keçirilib. Gəminin göyərtəsində Almaniyanın “Rochem” şirkətinin istehsal etdiyi dəniz suyunun, Norveçin “Hamworth” şirkəti tərəfindən istehsal olunan çirkab sularının təmizlənməsi qurğuları və həmin şirkətin istehsalı olan bərk tullantıların yandırılması və utilizasiya olunması qurğusu quraşdırılıb.


Qurğuların istehsal gücləri müvafiq olaraq sutkada 60 ton dəniz suyunun, 30 kubmetr çirkab sularının və 120 kiloqram bərk tullantıların təmizlənməsi və utilizasiyasına imkan verir. Aparılmış modernləşdirmə işlərindən sonra gəmidə 150-200 nəfərin yaşayıb işləməsi üçün əlverişli şərait yaradılıb. Bütün qurguların hazırlanması yeni texnologiya və modifikasiyalar əsasında Avropanın aparıcı gəmi sənayesi müəssisələrində həyata keçirilib və “Qurban Abasov” gəmisinin texniki göstəricilərini əks etdirən xüsusi sifarişlər əsasında istehsal olunub. ARDNŞ prezidenti Rövnəq Abdullayev gəminin dənizə buraxılmasını bildirən rəmzi düyməni basıb və “Qurban Abbasov” kran-gəmisisinin fiti səslənibr. Dənizçilərlə söhbəti zamanı ARDNŞ prezidenti dünyada cəmi 4 ədəd olan bu tip gəmidən 2-sinin məhz Azərbaycanda olmasını Xəzər dənizi hövzəsi üçün böyük uğur kimi səciyyələndirib.


Bundan sonra ARDNŞ rəhbərləri ən müasir avadanlıqlarla təchiz olunmuş “Kaspian Pauer” (“Caspian Power”) lövbər daşıyan yedək təchizat gəmisinin prezentasiyasında iştirak edib və gəmiyə baxış keçiriblər. Çində inşa edilmiş bu gəminin uzunluğu 72,5 metr, eni 17 metrdir, baş mühərriklərinin gücü isə 12 240 at gücü təşkil edir. Gəmi “Azəri-Çıraq-Günəşli” və Şahdəniz yataqlarında yerləşən platformalara xidmət göstərəcək. Gəminin şəxsi heyətinin təxminən 90-95 faizi yerli mütəxəssislərdən ibarət olacaq.

“Kaspian Pauer” Xəzər Dəniz Neft Donanması – BYUİ Kaspian Alyansı və “BP-Azərbaycan” şirkəti arasında 2008-ci ildə imzalanmış sazişə əsasən Xəzər dənizinə gətirilmiş sayca 12-ci gəmidir. İndiyədək həmin gəmilərin tikintisinə 300 milyon dollardan artıq vəsait xərclənib. Bir neçə aydan sonra “Kaspian Pauer” tipli daha bir yedək təchizat gəmisinin Bakıya gətiriləcəyi gözlənilir. 2012-ci ildə isə əlavə olaraq 2 ədəd yeni lövbər daşıyan yedək-təchizat gəmisinin Bakıya gətirilməsi nəzərdə tutulur. Yeni gəmilər “Total-Azərbaycan” şirkəti tərəfindən aparılacaq qazma işlərində Heydər Əliyev adına qazma qurğusuna və “BP-Azərbaycan” şirkətinə xidmət göstərmək üçün istifadə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2944

Oxşar yazılar