Əmanətlərin 30 faizi sığortasızdır
03 may 2010 11:30 (UTC +04:00)

Əmanətlərin 30 faizi sığortasızdır

Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda fiziki şəxslərin əmanətlərinin yalnız 70 faizi sığortalanıb. Aprelin 1-ə olan məlumata əsasən, hazırda banklarda qorunan əmanətlərin həcmi 1 milyard 678 milyon manatdır.

Lent.az "İqtisadi forum" jurnalına istinadən bildirir ki, Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda yerləşdirilən əmanətlərin ümumi həcmi 2 milyard 385 milyon manata bərabərdir. Bu vəsaitlərin 30 faizi və ya 707 milyon 690 min manatı qorunmayan əmanətlər kateqoriyasına aiddir. Qorunan əmanətçilərin sayı 5 milyon 197 min 888 nəfərdir.

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan ötən ilin 2010-cu ilin I rübündə 831 min manat, 1 milyon 345 min ABŞ dolları, 172 min Avro məbləğində təqvim haqları toplayıb. Hazırda Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 25 milyon 697 min 900 manat təşkil edir.

Xatırladaq ki, 01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Elxan SALAHOV
# 445

Oxşar yazılar