Xəzərin üzərində əfsanəvi körpünün tikintisi reallaşır
27 avqust 2010 18:04 (UTC +04:00)

Xəzərin üzərində əfsanəvi körpünün tikintisi reallaşır

Bakıda elə bir layihənin əsası qoyulacaq ki, onun analoqu olmayacaq. Söhbət hansısa binadan yox, Bakı buxtası üzərində qurulacaq dünyanın ən uzun asma körpüsündən gedir. Çoxları layihəni xülya hesab etsə də, onun reallaşması çox da uzaqda deyil. Layihə Koreya şirkətinə həvalə olunub.

Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq ərazinin öyrənilməsi, ilkin araşdırma və layihələndirmə üçün lazımi vəsait ayrılıb. Onun sözlərinə görə, körpünün dəniz üzərindəki uzunluğu 13,3, ümumi uzunluğu isə 26,5 kilometr olacaq.

Körpü həm də hazırda qövs şəklində olan 3 dairəvi yolu birləşdirəcək. Bu isə bütün mənalarda qənaət deməkdir. Bundan başqa, körpü ətrafında süni adalar yaradılacaq və sualtı liftlər vasitəsilə həmin adalara yollar çəkiləcək. Bakının yeni simvolunun tikintisinin dəqiq vaxtı hələ məlum olmasa da, hökumət layihəni tezliklə reallaşdırmaq niyyətindədir.

Xatırladaq ki, "Bakı Körfəzi Dəniz Körpüsü" adlı layihəni Koreyanın "Dong Sung Engineering" şirkəti hazırlayıb. Layihə Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzərindən asma körpünün salınmasını nəzərdə tutur. Daha doğrusu, körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün tikintisinə Koreya tərəfi təxminən 1 milyard dollar həcmində vəsait ayıracaq. Dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517

Oxşar yazılar