Bakıdakı qapalı cənnət, “Əsrin müqaviləsi” gülü və “Nazpəri”nin sirri... - ARAŞDIRMA
Nə gizlədim, bura səfərim adətən kənardakı restoranın kabinetlərindən o yana keçmirdi. Ancaq dostlardan birinin təklifini qəbul eləyib burada 30-40 dəqiqə gəzişməyimlə indiyə qədər hansı cənnətdən xəbərsiz olduğumu anladım. Həqiqətən cənnət idi... Səsli-küylü, qlobalizm nümunəsi Bakının düz ortasında cənnət... Bura Nəbatat bağı idi...
Yaranış və inkişaf...
1934-cü ilin iyun ayının 15-də Azərbaycan SSR Xalq Komissarları Soveti Bakı Sovetinə Nəbatat bağının salınması üçün vəsait ayrılmasını tapşırır. Beləliklə, 1934-cü ilin ikinci yarısından bağın tikintisinə başlanır və inşaat materialları almaq üçün maliyyə xərcləri ayrılır. 1934-cü ilin iyul ayının 3-də Nəbatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan - indiki “Şəhidlər xiyabanı”ndan başlanmış “Qurd qapısı”na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilir.
1935-ci ildə Nəbatat bağının ilk direktoru Mixail Vasilyeviç Brjezitiski təyin olunur. Nəbatat bağının bazası əsasında 1935-ci ildə Botanika İnstitutu təşkil olunur və Nəbatat bağı bir şöbə kimi institutun nəzdində fəaliyyət göstərməyə başlayır. 1938-ci ildən Nəbatat bağının direktoru vəzifəsinə Həmid Musa oğlu Qədirov təyin edilir.
1935-1937-ci illər ərzində Nəbatat Bağında institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxana, təsərrüfat binası inşaat olunur. Həmin vaxtdan etibarən Bağın sahəsində Azərbaycan florasından, eləcə də ekzot texniki, dərman bitkilərinin kolleksiyası yaradılması ilə yanaşı, onların üzərində elmi-tədqiqat işləri aparılır.
1936-1937-ci illərdə ekspedisiya, ezamiyyətlər və toxum mübadiləsi yolu ilə digər Nəbatat bağlarından alınan əkin və səpin materialları hesabına açıq, həmçinin örtülü sahələrdə bir çox bitkilərin kolleksiyası yaradılır.
1941-1945-ci illərdə - ağır müharibə illəri ilə əlaqədar burada tikintinin dayandırılmasına, introduksiya işlərinin ləng getməsinə baxmayaraq, yerli floradan olan ot və ağac bitkilərinin üzərində tədqiqatlar, həmçinin kolleksiyaların genişləndirilməsi işləri davam etdirilir.
1957-ci ilin iyun ayından bağa rəhbərlik Leninqrad Meşə Mühəndisliyi Akademiyasını bitirmiş, Azərbaycan Kənd Təsərrüfatı institutunun müəllimi Üzeyir Musa oğlu Ağamirova həvalə edilir. Bu illərdə Ceyranbatan su ambarının tikilməsi və həmin suyun Nəbatat bağına verilməsi orada əkin və elmi-tədqiqat işlərinin genişləndirilməsinə imkan verdi.
1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Həmin illərdə Nəbatat bağı 70 xarici ölkənin 290 Nəbatat bağları ilə toxum mübadiləsi aparmış, dərman, efir yağı, sənaye və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini hazırlayıb təsərrüfatlara vermişdi.
1970-ci ildən başlayaraq “Abşeronun və Bakı şəhərinin yaşıllaşdırılması haqqında” verilən dövlət qərarı Nəbatat bağında ağac və kol bitkilərinin introduksiya işlərinin daha da genişləndirilməsinə səbəb olur.
2000-ci ildən başlayan yeni dövr
1977-ci ildə akademik Həsən Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılır. Həmin komissiya Bakı şəhər Yaşıllaşdırma Trestinin, Milli Elmlər Akademiyasının, Biologiya Elmləri Bölməsinin bir sıra institutlarının alimlərinin, Bakı şəhər Sovetinin nümayəndələrinin iştirakı ilə bağın inkişafı haqqında tədbirlər hazırlayır. 1980-ci ilin axırlarında bağın direktoru vəzifəsinə Arif Bayramov təyin edilir və təəssüf ki, 1980-ci illərin axırı və 1990-cı illərin əvvəllərindən Respublikadakı ümumi vəziyyətlə əlaqədar olaraq bağda heç bir iş aparılmır.
2000-ci ildə akademik Cəlal Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü və Azərbaycan MEA-nın Rəyasət Heyətinin “Nəbatat bağının fəaliyyətinin yaxşılaşdırılması haqqında” 04 fevral 2000-ci il tarixli 7/2 saylı qərarına əsasən Nəbatat bağı Botanika İnstitutunun tərkibindən ayrılaraq Biologiya Elmləri Bölməsi nəzdində müstəqil elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətə başladı. Nizamnamənin, strukturu, Elmi Şuranın tərkibi təsdiq edildi, Bağın nəzdində aspirantura fəaliyyətə başladı, adı dəyişdirilərək “Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağı” adlandırıldı.
Hazırda laboratoriyalarla yanaşı, Mərkəzi Nəbatat bağının nəzdində “Toxumçuluq” və “Bitkilərin xəstəlik və zərərvericilərlə mübarizə” sektorları da fəaliyyət göstərir. Bu bölmələrdə 123 əməkdaş, o cümlədən 23 nəfər elmi işçi çalışır ki, onlardan 2 nəfəri AMEA-nın müxbir üzvü, 3 nəfəri elmlər doktoru, 13 nəfəri isə elmlər namizədidir.
Heç yerdə olmayan qızılgüllər...
Bağın nadir bitki kolleksiyaları ilə tanış olmaq, onun çiçək ətirli havasını udmaq və füsunkar gözəlliyini seyr etmək üçün hər il minlərlə şagird və tələbə, şəhərimizin qonaqları, Respublikamızda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, xarici ölkələrin alimləri bura ziyarətə gəlirlər. Bağda elə bitkilərlə tanış olmaq mümkündür ki, onlar artıq itmək təhlükəsi altındadırlar. Seyrçilər sahəsi 45, 5 hektar olan Mərkəzi Nəbatat Bağının xiyabanları ilə irəliləyərkən maraqlandıqları bitkinin adını, cinsini, vətənini azərbaycan, rus və latın dillərində bitkilərin üzərindən asılmış lövhəciklərdən öyrənə bilirlər. Bu lövhələrdən də məlum olur ki, Bağda Azərbaycan florasından olan bitkilərlə bərabər, dünyanın müxtəlif botaniki-coğrafi zonalarından - Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsində və digər yerlərdən qiymətli ağac, kol, çiçək, ot bitkiləri var.
Bağda Qafqaz florasından olan 149 növ nadir və nəsli kəsilməkdə olan, adları keçmiş SSRİ-nin və Azərbaycanın “Qırmızı Kitab”larına daxil edilmiş geofit bitkilərin kolleksiyası var. Uzun illər boyu Azərbaycan şəraitinə uyğunlaşan əzvay, zəfəran, çiriş, qulançar və ya mərəcüyüt, onlarla sənaye, texniki, dərman, ətirli ədviyalı, qida əhəmiyyətli bitkilər iş adamlarının diqqətini cəlb edə bilər və az məsrəflə çox gəlir əldə etmək imkanı verər.
Mərkəzi Nəbatat Bağında çiçək bitkilərinin, o cümlədən soğanaqlı bitkilərdən soğangülü, payızgülü, qarğasoğanı, dağlaləsi, nərgiz, sünbülçiçək, süsən və 400-ə qədər qızılgül sortunun kolleksiyası toplanıb.
Mərkəzi Nəbatat Bağı dünyanın 100-dən artıq Nəbatat bağları ilə əlaqə saxlayır, toxum mübadiləsi edir və onlardan introduksiya üçün toxum alır. Respublikamızın mərkəzində yerləşən yeganə Nəbatat Bağının kollektivi onu dünya standartları səviyyəsinə çatdırmaq, gələcək nəsillərə ərməğan etmək və inkişaf etdirmək üçün əlindən gələni əsirgəmir.
“Qırmızı Kitab”a düşmüş bitkilər...
“Nadir və nəsli kəsli kəsilməkdə olan bitkilər” laboratoriyası hazırda AMEA-nın Biologiya Elmləri Bölməsi tərkibində müstəqil elmi-tədqiqat təşkilatı kimi fəaliyyət göstərən Mərkəzi Nəbatat Bağının ən qabaqcıl laboratoriyalarından biridir. Bu laboratoriyada nadir və nəsli kəsilməkdə olan bitkilərin biomüxtəlifliyinin öyrənilməsi, mühafizəsi və genefondunun yaradılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Uzun müddət floramızda bitən bir çox nadir növlər müxtəlif səbəblər üzündən itib-batmaq təhlükəsi altındadır. Bu təhlükəni aradan qaldırmaq üçün mərkəzi Nəbatat Bağında genofit bitkilərindən ibarət dünya standartları səviyyəsində kolleksiya sahəsi yaradılıb. Bu kolleksiya tədqiqatlar üçün baza təşkil etdiyindən geniş nümayiş üçün bağlı olan yerdə yerləşir. Hazırda 9 kolleksiyada 96 cins, 610 növ, 300-dən artıq çeşid bitki var. Kolleksiyada uzun illərin introduksiya sınaqlarından keçmiş soğan, qulançar və ya mərəçüyüd, asfodelina, sünbülçiçək, çiriş, laləvər, qazsoğanı, dağlaləsi, zambaq, nərgiz, süsən, zəfəran kimi bitkilər var ki, onların 160-a qədəri Azərbaycanın və keçmiş Sovetlər Birliyinin “Qırmızı Kitab”larına daxil edilmişdi. Bu geofit bitkilərdən ibarət ekspozisiya sahəsi yaz aylarında əsrarəngiz gözəlliyi ilə insanı valeh edir.
“Nazpəri” çiçəyi...
Mərkəzi Nəbatat Bağında 75 il ərzində əsasən yaşıllaşdırmada istifadə edilən dekorativ ağac və kol bitkiləri ilə yanaşı, çiçək bitkilərinin introduksiyası, öyrənilməsi və becərilməsinə geniş yer verilib. Uzun illər Nəbatat Bağının əməkdaşları dekorativ bitkilərin introduksiyası, cinslər üzrə kolleksiyaların yaradılması ilə məşğul olmuş, Bakı, Abşeron və Azərbaycanın digər iri sənaye şəhərlərinin yaşıllaşdırılmasına çoxlu sayda dekorativ ağac, kol və çiçək bitkiləri tətbiq olunmuş, bununla bağlı aqrotexnoloji təkliflər işlənib hazırlayıblar.
2000-ci ildə təşkil olunmuş “Çiçəklik” laboratoriyasında hazırda yeni çeşidli çiçək bitkilərinin introduksiyası ilə yanaşı, əvvəllər Bağda kolleksiyaları olmuş, ancaq zaman keçdikcə itmək təhlükəsində olan çiçək bitkilərinin bərpa olunması işlərinə başlanılıb.
“Çiçəklik” laboratoriyasında tədqiqat işləri əsasən sortların introduksiyası və seleksiyası istiqamətində aparılır. Qızılgül kolleksiyasında müxtəlif bağ qruplarına mənsub ümumi sayı 8 mindən artıq olan 450-yə yaxın qızılgül sortu introduksiya edilib. Kənd Təsərrüfatı Nazirliyinin 4 aprel 2008-ci il tarixli 96 saylı əmrinə əsasən mərkəzi Nəbatat bağında tumurcuq mutasiyası nəticəsində yaradılmış “Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” qızılgül sortları üçün müəlliflik şəhadətnaməsi və Patent alınıb...
Fotoqrafımızla mənə bu cənnət məkanı gəzib dolaşmaqda mərkəzi Nəbatat bağının elmi işlər üzrə direktor müavini Vahid Fərzəliyev yardım etdi. Vahid müəllim bizə dünya ölkələrinin Nəbatat bağları haqqında xeyli maraqlı məqamlar danışdı. Bütün bu məlumatlar nə qədər cəlbedici görünsə də, hər ikimiz bizim öz Nəbatat bağımızın daha şirin və əziz olduğuna şübhə etmirdik. Vahid müəllimlə söhbətə xeyli yorğun halda gəlmişdim, ondan ayrılanda isə həminki yorğunluqdan əsər-əlamət qalmamışdı. Bu həm Mərkəzi Nəbatat Bağının əsrarəngiz gözəlliyindən, həm də vətənimizin bir elm adamının işinə, Azərbaycan təbiətinə vurğunluğunun xoş aurasından qaynaqlanırdı.
İlham Tumas
[email protected]
Yazının hazırlanmasında V.İbadlının və B.Hüseynovun “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı-75” kitabçasından istifadə olunub.

3893