Türkiyənin Kahramanmaraş bölgəsində və digər ərazilərdə baş verən zəlzələdən sonra “Qaziantep” Futbol Klubunun futbolçuları yaşadıqları dəhşətli hadisələrdən danışıblar.
Lent.az xəbər verir ki, bir neçə tanınmış futbolçu yaşadıqları təhlükəli anlar barədə xarici mediaya açıqlama veriblər.
Futbolçu Joao Figueiredo Portuqaliya mediasına açıqlamasında bu sözləri deyib: “İndi Antalyadayam. Burada zəlzələni hiss etdim. Bir gün də icazə almaq həyatımı xilas etdi. Həyat yoldaşım təzə doğuş etdiyi üçün Braziliyada yaşayır”.
Yarımmüdafiəçi Lazar Markoviç hisslərini belə ifadə edib:
“İndi Antalyadayıq. Bu, sadəcə bir təsadüf oldu. Çünki yarışdan sonra üç gün icazə almışdıq və ailələrimizlə Antalyada qalmağa qərar verdik. Zəlzələdən bu şəkildə qaçdıq. Tanrı bizi qurtardı. Ailələri ilə birlikdə on komandadan olan dostlarım da buradadır. Komandamızla tez-tez danışırıq. Hər kəs Türkiyə üçün qorxur. Zərər çəkənlər üçün çox məyusuq”.
Marko Jevtoviç vəziyyət barədə “Biz yaxşıyıq, amma bəzi oyunçuların öldüyü barədə məlumat alırıq. Komandanın çox hissəsi icazəli idi və fərqli şəhərlərə getdi. Ancaq “Hatayspor”dan yaxşı xəbərlər gəlmir”, - deyə, açıqlama verib.
Rumıniya mediasına açıqlama verən Gabriel Torje deyib ki, o, Ankarada olmasına baxmayaraq, silkələnməni hiss edib. Baş verənləri “tragediya” adlandıran futbolçu məyusluğunu ifadə edib.
"Qaziantep F.K" klubunda sol cinah müdafiəçisi kimi çıxış edən çexiyalı futbolçu Matej Hanousek Çexiya mediasına danışıb:
“Şəhərdə qiyamət qopmuş kimi idi. Zəlzələ bizi çox pis vaxtda yaxaladı, inanılmaz qorxunc idi. Burada hava inanılmaz soyuqdur. Divarlarımız çatladı, əşyalarımız yerlə bir oldu. O gecə yaşadıqlarımı bir də yaşamaq istəmərəm. Nə deyəcəyimi bilmirəm”.
Çili mediasına müsahibə verən Sagal adlı futbolçu “Səhər saat 4 idi, yatırdıq. Arvadımı və uşaqlarımı götürdüm. Qapıdan çıxdıq. Yavaş-yavaş zəlzələ gücləndi. Dörd yaşlı oğlum dedi ki, evi bir varlıq daşıyır. Küçələrə qar yağmışdı, buna görə çölə çıxmaq çətin idi. Çox qorxunc anlar idi”, - deyib.
Kasımpaşa klubunun futbolçusu Fode Koita Fransa mətbuatına nələr danışdığını təqdim edirik:
“Zəlzələnin təsirindən yatağımdan yıxıldım. Bu acımasız hal məni panikaya saldı. Çünki nələr olduğunu əvvəlcə başa düşmədim. Otaqdakı hər şeyin hərəkət etdiyini və zəlzələnin baş verdiyini gördüm. Yaşadığım iki dəqiqə 1 saat kimi gəldi mənə. Lakin şanslı idim ki, binamız möhkəm idi və çökmədi. Aşağı pilləkənlərlə qaçdım və avtobusa mindim. Çox soyuq idi. Uşaqlar da üşüyür. Uşaqlar əyin-başlarını yaxşı geyinməmişdilər deyə, üşüyürdülər”.