“Avropa çempionatında 244 xal toplamağım yaxşı nəticədir. Bu göstərici mənim rekordumdur”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.
Yığmamızın Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı Estoniyanın paytaxtı Tallinndə daha yaxşı çıxış edə bilməməsinin səbəbini açıqlayıb: “Normal çıxış etdim. Sonuncu tullanma üçün üzüldüm. Hər şey təmiz idi. Amma yıxıldım. Qalan hər şey pis deyildi. Üç ağrıkəsici dərman içmişdim”.
21 yaşlı idmançı Pekin Olimpiadasına hazırlığa da toxunub: “Qarşıda Olimpiada gəlir. Ora hazırlaşmaq lazımdır. İstirahətə vaxt yoxdur, işləmək lazımdır. Əsas odur ki, sağlamlıq yerində olsun”.
Vladimir uzun müddətdir əziyyət çəkdiyi zədələrdən şikayətlənib: “Mən həmişə zədələrlə çıxış edirəm. Zədənin olması xoş deyil. Məndə stressli sınıq var, daim narahat edir. İki ilə yaxın ağrı verə bilər. Bəzən çox ağrı olur. Hətta bəzən bərk ağrılar tullanmağa da mane olur və istədiyin kimi alınmır”.