Sonuncu çempionatda oyun üslubuna görə komanda yoldaşlarından fərqlənirdi. Məşqçinin verdiyi tapşırığa əsasən kapitan “Qızıl top”u əldə etməsi üçün mübarizə aparsa da, dirijorun çubuqlarıyla hərəkətə gəlmirdi. Onun yaşıl meydanlarda məhz bu cür taktika nümayiş etdirməsini futbol qurumları alqışlasalar da, ancaq şərəfini qoruduğu klub - Ana Vətən Partiyası (AVP) heyətindən xaric etdi.
Hazırda klubsuzdu, 2015-ci ildə keçiriləcək növbəti çempionatda hansı komandada yer alacağı bilinmir. Ancaq oyunlara ciddi hazırlaşır.
Söhbət deputat Zahid Orucdan gedir. Lent.az futbolinfo.az-a istinadən “FUTPOLitika” rubrikası çərçivəsində götürülmüş müsahibəni təqdim edir:
- Zahid Oruc hansı mövqedə top qovur?
- Məni hətta qapıda da qoyanda bir də görüblər ki, rəqibə qol vurmuşam. Zahid Orucu heç zaman öz istədikləri cinahda saxlaya bilməzlər. Hücumçuyam, hətta sıfır nömrəsini geysəm də, klassik sıralamada 11 nömrəni daşıyıram.
- Klubsuz olmaq millidəki oynunuza təsir göstərmir?
- İndiki partiyasız vəziyyətimə işarə edirsiz. Əlbəttə, futbol komanda oyunudu. Ona görə də hər zaman daşıdığım missiyaya uyğun olan vahid bir klubda çıxış etmişəm. Futbolçu kimi özümü daha böyük komanda içərisində hiss edirəm.
- Hansısa klubda oynamaq üçün sizə təkliflər gəlib?
- Təkliflər müxtəlif dövrlərdə çox olub. İndi “Barselona” məni dəvət etsə, oynayaram.
- Ancaq Madrid “Real”ının daha çox pulu var...
- Məncə “Real”ın mifi çox şişirdilib. Katalonlar bu illər ərzində yaxşı mövqe qazanıblar. Bilmirəm onların kumiri necə formalaşıb, ancaq zənn edirəm ki, dediyiniz adın mifi adamları qorxutsaydı, onda gərək dünyada klublar yaranmayaydı. Hər halda “Real” keçilməz sədd deyil.
- Spiker Oqtay Əsədov sizin “Barselona”ya transferinizə icazə verəcək? Müqavilənin şərtlərini pozmursuz?
- O, səxavətli insandı. Futbolçu öz qabiliyyətini gərək hardasa reallaşdırsın. Mənim yaşıl meydanda göstərəcəyim oyun Azərbaycan adınadır.
- Deməli, siz Bakıda deyil, məhz Barselonada - “Nou Kamp”da gücünüzü göstərə bilərsiz? Ora daha yaxşıdı?
- Ayaqları hərəkətə gətirən başdı. Bu tribuna mənə müəyyən mövqe qazanmağa imkan veribsə, əmin edirəm ki, ayaqlar da öz sözünü deyəcək. Mənim “ayaqlarımın dili” “başımın dili”ndən daha uzundu.
- Kriştianu Ronaldo 94, Qaret Beyl 91 milyon avroya “Real”a transfer olundu. “Barselona” Zahid Orucu almaq üçün nə qədər pul ödəməlidi?
- Zahid Oruca 80 milyon vermək olar. Öz yerimi maliyyə reytinqində bundan aşağı görmürəm. Nəyə qadir olduğumu bilirəm və bu illər ərzində qiymətim haqda sussam da, gerçəklik belədir.
- 2005-ci ildə FİFA vurduğunuz qolların qaydalardan kənar olduğunu bəyan etdi. Ancaq AFFA qələbinizi tanıdı...
- Bunlar bizim siyasiləşməyimizdən irəli gəldi. Yaşıl meydanda daşıdığımız nömrəni də mənsub olduğumuz komandaya olan qərəzin kontekstində qiymətləndirdilər. Ona görə də sərgilədiyim oyun ətrafında ajiotaj yaratdılar. Həmişə qaydalar çərçivəsində oynamağa üstünlük vermişəm. Guya mənim hər hansı gücüm, taktiki planda daşıdığım missiya, yaxud uğurum yalnız ofsayddan vurulmuş qollardan yaranıb. Qətiyyən. Sizə xronologiya göstərə bilərəm ki, Zahid Oruc ən yaxşı nöqtələrdən doqquzluğa vurub.
- Əli Kərimliyə qarşı oynamaq sizə çətinliklər yaratmır?
- Bütün komponentlər üzrə onu məğlub edirəm. Heç zaman duellərə gəlmir. Əgər təkbətək oynasaq, Əli Kərimli Zahid Oruca 0:100 uduzar.
- Ancaq onun komanda yoldaşı sizi uddu. Qələbəsini FİFA da təsdiqlədi...
- Qəti şəkildə belə deyil. Lideri mənə uduzacaq komandanın fiqurları hansı parametrlə Zahid Oruca qarşı müqavimət göstərə bilərdilər?
- Axı, bu, faktdı. Beynəlxalq səviyyədə olan məsələdi. Necə inkar edə bilərsiz?
- Beyin fırtınası deyilən məhfum var - Brain storming. Bax, onların halı bu adla çağrıla bilər. Təfəkkür krizinə mübtəla olublar. Tarixdə müxtəlif “samızvanets”lər vardı. Onlar özlərinə müxtəlif adlar qoyurdular. Bir də gördün deyirdilər ki, Qvineo Bisoanun rəhbərləridir. Mən rəqiblərimi dəfələrlə məğlub etmişəm. Hər hansı məhəlli miqyaslı həvəskarın başqa aqibəti də ola bilməzdi. İstinad etdikləri sənədlər təhrif olunmuş təqdimatlarla sizin dediyiniz nəticəni verir. Nə FİFA, nə də başqa bir qurum son nəticəni özü elan edir. Onlar oyun zamanı baş vermiş hansısa texniki proseduru yekun kimi tirajlayırlar. Bütün parametrlər üzrə zəhməti çəkən və parlaq qələbəni qazanan Zahid Oruc olub. Azarkeşlər də bunu görüb və alqışlayıblar. Məni zirvəyə aparan yol onların iradəsinden və seçimdən, ürəkdən etdikləri alqışlardan keçib. Bunu mübahisələndirmək mümkün deyil.
- Komandanız FİFA-nın bayrağı altında oynayır. Bu qurum qərar çıxarıb və AFFA sizə görə rəqibinizə təzminat ödəyib.
- Deyilən təzminat həmin oyunun nəticəsiylə bağlı deyildi. Sadə dillə izah edim ki, heç bir qaranlıq məqam qalmasın. Milli məhkəmələrimiz rəqibin məğlubiyyətinin katostrofik olduğunu gördülər. Bununla da mübahisələndirməyə heç bir əsasın yaranmadığını, nəticələrin reallığı əks etdirdiyini bildirdilər. Avropa Məhkəməsi isə belə nəticəyə gəlib ki, hətta hesab 90:10 olsa da, qarşı tərəfin irəli sürdüyü iki-üç arqumenti hüquqi cəhətdən araşdıraraq yekun rəyi verməli idi. Beləliklə, Avropa qurumunun qərarı mübarizənin nəticəsi ilə bağlı deyil, vətəndaşın normal məhkəmə hüququ ilə əlaqadardır. Rəqib komanda da bundan siyasi teatr yaradaraq bütövlükdə mübarizə ilə bağlı çıxarılmış verdikt (qərar - R.D.) kimi təqdim etdilər. Elə bu cür oyunlarla da karyeralarını bitirəcəklər. Onlar öyündükləri qərarın ingilis dilində mətnini bərkdən oxuya bilmirlər.
- Deyirlər ki, Zahid Orucun karyerasında heç zaman “qızıl dövr” olmayıb və bundan sonra da olmayacaq.
- Hər mövqenin yaşarlı olmağa hüququ var. Ancaq birmənalı söyləyirəm ki, futbolu mənim qədər yaxşı oynayan bir-iki nəfər ola bilər.
- O, bir-iki nəfər kimdi?
- Oyun üslübuna, futbol duyumuna görə həmkarlarımın sırasında bu yerdə olanlar var. İndi onların reklamına işləmək istəmirəm. Ancaq mən yaşıl meydana gücümü dəfələrlə göstərmişəm.
- Oynadığınız yığma komandada futbolçu dostlarınız məşqlərdə əksər hallarda məşqçilərin taktiki göstərişinə əsasən zədələnərək sıradan çıxıb. Sizi də belə acı günlər gözləyir?
- Doğrusu çata bilmirlər, yoxsa məni də o cür cəzalandırarlar.
- Deməli, məşqçilərin belə bir göstərişi var, sadəcə...
- Təkcə onlar deyil, həm də rəqiblər zədələmək istəyir. Ancaq alınmır. Çünki top mənə gələndə Useyn Bolt kimi sürət yığıram, çatmaq mümkün olmur.
- Belə çıxır ki, siz həm məşqdə, həm də yaşıl meydanlar da təkbaşına, yalnız özünüz üçün oynayırsız.
- Mən fərdiyyətçiyəm, bunu gizlətmirəm. Hətta çox böyük kollektivin içində olanda belə öz səsimlə oxuyuram. Ayaqlar da eyni “musiqi”ni ifa edir. Sonuncu çempionatda adımı ona görə daha çox qabartdılar ki, mən həmkarlarsız hərəkətdə idim.
- Fəzail Ağamalıdan təklif gəlsə, onunla yenə AVP-də oynayarsız?
- Məncə, önəmlisi ideyadı, əqidədi. Hər kəsin özünün yeri, missiyası var. Önyarğılı deyiləm və keçmişin qərəzlə təftişinə də razı ola bilmərəm. Məncə, hər kəs dünyada da, yaşıl meydanda da öz yerini tutur, başqasının yox. Ona görə də rəqibə qarşı birgə olmaqda heç kəslə problemim yaranmayıb.
- Deməli, gedərsiz...
- Şübhəsiz.
- İran yığma komandası sərgilədiyiniz oyuna görə AFFA-ya nota verdi. Komanda yoldaşlarınızdan, yaxud məşqçilər korpusundan buna görə sizə təzyiq edən oldu?
- Hər hansı təzyiqdən söhbət gedə bilməz. Əslində, İran tərəfinin Azərbaycanla yaşıl meydanlarda dostluq əlaqələrində qalmağını istəyirik. Biz qarşımıza qlobal vəzifə qoymamışıq ki, hansısa bir ölkəni kəskin şəkildə məğlubiyyətə uğradıb xüsusi nəticələr əldə edək. Ona görə də mənə İrandan epizodik şəraitdə göstərilən sarı vərəqələr keçicidi. Əminəm ki, bunlar sonrakı dövrdə olmayacaq. Notalar ötəridi, qalıcı komandaların münasibətləridi, azarkeşlərdi. İranın sonuncu dünya çempionatında sərgilədiyi oyunu da yaxşı qiymətləndirirəm. Yeri gəlmişkən, son mundialı “cırtdanların asi düşməsi”, yəni, məzlumların üsyanı adlandırardım. İspaniyanın, Braziliyanın oyunu onu göstərdi ki, artıq miflər işləmir və keçmişlə öyünmək hər zaman qələbə gətirmir.
- Azərbaycan “zapı”sı alman maşınını əzə bilər?
- Azərbaycan maşını quruculuq yolundadır. Qoy bu konstruksiya tamamlansın, onda siz “alman maşını”nın necə əzildiyinə bizimlə birgə sevinəcəksiz.
- Topdaşıyandan futbolçu olar?
- Xeyr.
- Milli Məclisdə hansı futbolçu komandanın aurasını pozur?
- Məncə, onları hamı tanıyır. Biz kürəyimizdə həmin futbolçuların yükünü və təzyiqini hər an hiss edirik.
- Zahid Oruc olmaq üçün nə etmək lazımdı?
- Azarkeşlər üçün əl çatanlıq, yüzlərlə ictimai qayğıya qatlaşmaq, siyasi əqidədə stabillik, təmsil etdiyi ideyalara dönmədən əməl etmək, sutkanın 18 saatını elmi-intellektual zəhmətə qatlaşmaq, humanizm və qədirbilənlik keyfiyyətinə malik olmaq yetərlidir ki, Zahid Oruca çevriləsən.
- Heç nədən qırmızı vərəqə alsanız, hakimi döyərsiz, yoxsa söyərsiz?
- Vərəqəni əlindən alıb onun özünə göstərərəm!
- Danışılmış oyunlar hesabına qələbə çalan bir komandada top qovmaq sizi narahat etmir?
- Məğlublar həmişə siz deyən kimi düşünür. Bu, acizlik ideologiyası və mənən kasıblığın fəlsəfəsidir.
- Danışılmış oyunlarla bağlı xeyli faktlar var. Dünya mediası bu barədə yazır. FİFA, UEFA kifayət qədər bəyanatlar verib. Üstəlik, 2013-cü ildəki çempionatla bağlı yekun hesabatı da buna misal gətirə bilərik.
- Hər sahədə sövdələşmə dünyanın gerçək mənzərəsidir. Ancaq güclü olmaq istənilən məxfi razılaşmalardan qurtulmağın yeganə yoludur.
- Ronaldinyonun ulduzu tez söndü. Sizin üçün də belə bir təhlükə var?
- Mən 60-70 yaşında da öz formamı saxlaya bilərəm. Bu yaxınlarda Böyük Britaniyada 80 yaşında adam 20 yaşında başqa bir tərəf müqabiliylə “Tanqo” rəqsini oynayırdı. Hamının alqışını qazandılar, insanları heyrətləndirdilər, çoxlarına dərs verdilər. Sizi əmin edirəm ki, Zahid Oruc da mübarizə meydanında o formanı saxlayacaq. Ancaq mənim aləmimdə belədi: Kabzon və qeyriləri. Yaşıl meydanı vaxtında tərk etməyi də bacarmaq lazımdı. Nə vaxt səsim sol, solo yox, məhz sol olanda yerimi başqalarını verəcəyəm.
- Deməli, kareyarınızı bitirəndən sonra “Tanqo” oynayacaqsız...
- Mütləq.