İtaliyanın vergi polisi ölkənin 41 futbol klubunun ofisində axtarış aparıb. Lent.az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, axtarışa məruz qalanlar arasında A seriyası klubları da var.
Sanksiyanı vergilərin ödənilməməsi, pulların yuyulması və sənədlərin saxtalaşdırılmasını araşdıran Neapol polisi verib. B seriyası və aşağı liqa klublarının da yer aldığı siyahıda ən diqqətçəkən məqam “Milan”, “Yuventus”, “Napoli”, “Latsio”, “Fiorentina”, “Parma”, “Recina”, “Kyevo” və “Sampdoriya”nın ofisinə də vergi xidməti əməkdaşlarının gəlişidir. Klublardan əlavə, 12 futbol agenti də araşdırma hədəfi olub.
Qeyd edək ki, İtaliya futbol klubları rəhbərlərinin adları tez-tez müxtəlif araşdırmalarda hallanır. Əksər hallarda bu, danışılmış oyunlarla bağlı olur. 2012-2013-cü il mövsümündə “Yuventus” İtaliya çempionu, “Napoli” vitse-çempion, “Milan” isə bürünc mükafatçı olub.