Xızıda velosiped idmanının fərdi növləri üzrə Azərbaycan çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Velosiped Idmanı Federasiyasının illik təqvim planına uyğun təşkil olunan yarışda müxtəlif yaş qrupları üzrə 49 velosipedçi mübarizə aparıb.
İlk gündə 15 yaşadək oğlan və qızlar 10 km, 17 yaşadək velosipedçilər 20 km, Elit və gənclər kateqoriyasında yarışan idmançılar isə 30 km məsafəyə fərdi ötüşmədə yarışıblar.
Nəticələrə gəlincə, U-15 yaş qrupunda 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (OEQIUGVM) təmsilçisi Ravil Xıdırov 17 dəqiqə, 59 saniyə, U-17 yaş kateqoriyasında “Lokomotiv” klubunun idmançısı, Azərbaycanın müvafiq yaş qrupu üzrə yığma komandasının üzvü Kərim Şirəliyev 32 dəqiqə, 11 saniyə, daha yaşlıların mübarizəsində isə Azərbaycanın Elit yığmasının şərəfini qoruyan, həmçinin “Synergy Baku” kontinental komandasının heyətində çıxış edən Məhəmməd Ələkbərov 45 dəqiqə, 11 saniyə göstərici ilə hamını qabaqlayıb.
Çempionatın ikinci günündə isə 15 yaşadək velosipedçilərin 6 km məsafəyə fərdi ötüşməsi 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Xankişi İsgəndərovun hamını qabaqlaması ilə yadda qalıb – 9 dəqiqə, 59 saniyə. 17 yaşlı idmançıların dağ yolları ilə 4,7 km məsafəyə ötüşməsində Kərim Şirəliyev birincilik qazanıb – 14 dəqiqə, 33 saniyə. Və nəhayət, Elit, U-23 və gənclərin 2x4,7 km məsafəyə dağ yolları ilə mübarizəsi Məhəmməd Ələkbərovun çempionluğu ilə əlamətdar olub – 31 dəqiqə, 3 saniyə.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.