Xızıda velosipedçilərin yürüşü keçirildi
24 mart 2014 11:35 (UTC +04:00)

Xızıda velosipedçilərin yürüşü keçirildi

Xızıda velosiped idmanının şosse növü üzrə Federasiya Kuboku yarışı başa çatıb. Lent.az-ın məlumatına görə, yarış Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunub.

Turnirə qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edib. Yürüş zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydaları tətbiq olunub. Proqrama əsasən, yarışın ikinci günündə Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x5 km), U-17 və qızlar isə 5 km məsafədə yarışıblar.

Nəticələrə gəlincə, ölkəmizin ilk peşəkar kontinental velosiped klubu “Synergy Baku“nun üzvləri Tural İsgəndərovla Aqşin İsmayılov favorit statusunu doğruldublar. Azərbaycanın U-23 milli komandasının da üzvü olan Tural 29 dəqiqə 7 saniyə göstərici ilə 2-ci yarış gününün də qalibi olub. Azərbaycanın Elit milli komandasının üzvü Aqşin İsmayılov isə çempiona 2 dəqiqə, 14 saniyə uduzmaqla 2-ci yeri tutub. İlk üçlüyü Fərid Mustafazadə tamamlayıb – 33 dəqiqə, 16 saniyə.

17 yaşlılar arasında “Lokomotiv” klubunun üzvü Kərim Şirəliyev digər rəqiblərindən daha yaxşı çıxış edib – 16 dəqiqə, 22 saniyə. O, 2-ci yeri tutan “Sumqayıt” Velosiped İdman Klubunun təmsilçisi Şamil Rəhimovu 8 saniyə qabaqlayıb. Qızlar arasında isə Sevinc Əzizova hamıdan yaxşı nəticə göstərib.

Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər AVİF-in medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar