Xəzər Lənkəran" rəsmisi: "UEFA anormal, məsuliyyətsiz qərarlar verir"
25 iyun 2013 19:14 (UTC +04:00)

Xəzər Lənkəran" rəsmisi: "UEFA anormal, məsuliyyətsiz qərarlar verir"

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Komandanızın çıxış edəcəyi Avropa Liqasında püşkün nəticəsini necə dəyərləndirərdiniz?
- Bu, bir şansdır. Bilirsiniz ki, “Xəzər Lənkəran” son illərdə Zaqreb “Dinamo”su, Təl-Əviv “Makkabi”si ilə düşəndə bəxti gətirmirdi. Ancaq indi şükür Allaha belə deyil və bəxtdən şikayət eləməyə haqqımız yoxdur. Çünki rəqibimiz olan Malta “Slima”sı “Xəzər Lənkəran”ın bacara, qalib gələ biləcəyi bir komandadır. Ancaq yenə də hazırlaşmaq lazımdır. Malta klubunun düşməyi o demək deyil ki, hamı toy-bayram eləsin, hazırlaşmasın. Onda komanda özü öz qapısına qol vuracaq. Buna görə əməlli-başlı hazırlaşıb, rəqibi ciddi almaq lazımdır. Artıq qalib gələndən sonra demək olar ki, yüngül rəqib idi, keçdik.

- UEFA-nın qərarı ilə ilk oyununuzun vaxtının 2 gün əvvələ keçirilməyini necə qarşıladınız?
- Təbii ki, bu, anormal bir hərəkətdir. Ümumiyyətlə, son vaxtlar görürsünüz ki, UEFA qeyri-normal, məsuliyyətsiz qərarlar qəbul edir. Onlar nəzərə alıb ki, kiminsə stadionda eyni gündə 2 oyun var. Ancaq bu, bizim problem deyil ki...Qayda-qanun, əsasnamə var. UEFA onunla əsaslandırır ki, oyun olacaq stadionda digər komandaların da matçları var. Birincisi, lisenziya alıb, UEFA-da çıxış edən komanda zəhmət çəkib 1 yox, 2 stadion göstərir. Bu tələblər Avropa miqyaslı turnirlərdə çıxış edən bütün komandalara aiddir. Biz də daxil olmaqla hamının bunu yerinə yetirmək borcudur. Əgər həmin stadionda alınmırsa, alternativ arena göstərməlidir. Bu, gülünc bir səbəbdir ki, eyni stadionda eyni vaxtda oyunlar var, buna görə vaxtı dəyişdirək. İkincisi də addım atmamışdan qabaqdan ən azından nəzərə alınmalı idi ki, hər hansı bir komanda Avropa oyununa hazırlaşanda, buna uyğun hazırlıq planını qurur. Bura yoldaşlıq görüşləri, otellə bağlı imzalanan müqavilələr daxildir. Bu kimi təşkilati məsələlər 1 yox, 15-20 gün əvvəldən qurulur. Təbii ki, belə məsuliyyətsiz addımın atılmağı UEFA kimi təşkilata başucalığı gətirmir.

- Deməli, komandanız yoxlama oyunları keçirmədən Maltaya tez getməlidir ki, ora uyğunlaşsın?
- Bu, baş məşqçi ilə müzakirə olunacaq. UEFA-nın məktubu bu səhər bizə daxil olandan bəri demək olar Con Toşakla təşkilati məsələləri aydınlaşdırırıq. Bunu edirik ki, hər bir şey düzəlsin. Bura komandanın çarter reysi, biletindən otelindən tutmuş hər bir şey daxildir. Hamısı bir-birinə bağlı məsələlərdir.

- Sizcə, oyunun vaxtının 2 gün qabağa çəkilməyi nəticəyə təsir göstərə bilərmi?
- Yox, nə təsir göstərəcək? Söhbət bundan yox, komandalara hörmətsizlikdən gedir. Düzdür, onlar UEFA Avropa Liqasının 2013/14 mövsümünün Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul ediblər. Buna görə UEFA istənilən vaxt əsaslandırılmış şəkildə tarixləri dəyişə bilər. Ancaq bu, matçın 2 gün əvvələ keçirilməyi üçün əsas sayıla bilməz. Çünki hər bir klub hələ lisenziya müddəti bitən zamanı bir neçə stadionu sifariş vərəqəsinə əlavə etməyə borcludur. Buna əsasən hər hansı birində problem çıxanda, digərində oynaya bilsin. Ancaq burada onu bəhanə edib, oyunun tarixini dəyişmək komandaya maddi ziyan da dəyir. Ona görə ki, sənin bir otellə final tarixə kimi qalmaqla bağlı müqavilən varsa, buna xitam verirsənsə, cərimə ödəyirsən.

- İndi elə alındı ki, “Slima” ilə ilk oyununuzla cavab matçı arasında 7 yox, 9 gün var. Bundan istifadə edib, Maltada daha çox, oyundan sonra da qalmaq variantı var?
- Komanda orda hardasa 6 gün qalmağı planlaşdırır. Bu, ümumi vaxtdır. Ola bilər ki, ordan birbaşa Almaniyaya qayıtsın. Bu, durumdan asılı olacaq.

- Növbəti mərhələyə çıxacağınız halda, yenə İsrail “Makkabi”si ilə düşmüsünüz. Ancaq bu dəfə şəhər fərqlidir: Təl-Əviv yox, Hayfa...
- Allah qoysa, gəlin, Malta komandasına qalib gələk, sonra danışarıq. Komandamızda bütün zədəli futbolçular əsas heyətə qayıdıblar. Baş məşqçimizin istəyi ilə bir neçə yeni oyunçular dəvət edilib. Onlar hazırlığımızda iştirak etməklə, komandamıza güc qatıblar. Bu gün istər Malta, istərsə də İsraildən olan rəqibinə qalib gəlmək iqtidarında olan bir komandamız var. Həm də gözəl bir əhval-ruhiyyə var. İnşallah, elə bilirəm ki, komandamız bu rəqiblərin hər ikisinə qalib gələcək.

- Komandanıza daha bir futbolçu, legionerin transfer edilməyi yönündə işlər gedir?
- Onsuz da bizim baş məşqçi axtarışdadır. Ola bilər ki, 2-3 futbolçu gəlsin. Baş məşqçimiz siyahıda kimləri görmək istəyirdi, onlar artıq komandadırlar. Növbəti kimləri görmək istəyəcəksə, biz o işlərlə məşğul olacağıq. Toşakın istədiyi transferlərin 99 faizini etmişik. O, əlavə hansı mövqeləri gücləndirmək istəsə və buna real namizədləri olacaqsa, bizə onlarla danışıqlar aparıb müqavilə bağlamaq qalacaq.

- Braziliyalı Duqlas Leyte ilə müqavilə bağlayacağınız halda, 2 legioner qapıçınız olacaq. Ola bilərmi ki, qışda gətirilən ispaniyalı Toni Doblasla yollarınızı ayırasınız?
- İndidən demək olmaz ki, kimsə qalacaq, kimsə gedəcək. Mən onu deyə bilərəm ki, komandamız bu heyətlə Avropa Liqasına gedir. Artıq UEFA-ya sifariş vərəqəsini göndərmişik. Ancaq yaxın gələcəkdə baş məşqçi hansısa bir futbolunu heyətə qatıb, mövqeyi boşaltmaq istəsə, bu, gerçəkləşəcək. Bu, “transfer pəncərəsi” bağlanana kimi baş məşqçinin səlahiyyətində olan bir məsələdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar