Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə “Ümid” yarışına start verilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, 2 gün davam edəcək yarışda öz qüvvələrini sınamaq üçün ölkəmizin müxtəlif regionlarından olan FAİREX-in 21 klubundan ümumilikdə 100 nəfərdən yuxarı yeniyetmə və gənc qeydiyyata alınıb.
Yarışda federasiyanın “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “FHN”, “Şahdağ”, “Caspian”, “Qafqaz”, “Memarlıq”, “Gənclik”, “İrəli Extrim”, “Aviasiya”, “Climb club”, “Rock Stone”, “Kəmərqaya”, “Daşkəsən”, “Gəncə”, “Bakı Qida Sənayesi Kolleci”, “Zirvə”, “Black Stone” və “AMA” klublarının idmançıları iştirak edirlər. Bu yarışın ölkəmizdə keçirilməsində əsas məqsəd bu idman növünün yeniyetmə və gənclər arasında populyarlaşması və eyni zamanda 03-04 may 2014-cü il tarixlərində Bakı şəhərində Dövlət Bayraq Meydanı yaxınlığında keçiriləcək İdman Dırmanması üzrə Dünya Kuboku yarışına hazırlıq məqsədi daşıyır.