Futbol üzrə Ukrayna milli komandası martın 5-də ABŞ yığması ilə keçirməli olduğu yoldaşlıq görüşü üçün Kiprə uçmayacaq. Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Anatoli Konkov açıqlama verib.
O deyib: “Əgər biz çempionat keçirmiriksə, bütün ölkəmizin yaşadıqlarını biz də birgə yaşayırıqsa, hansı futbol barədə danışa bilərik? Matç öncədən martın 5-də Ukraynada planlaşdırıldığı halda öz ərazimizdə oynaya bilmiriksə, nəyə görə Kiprə getməli və orada oynamalıyıq? Biz öz ölkəmizdə, öz evimizdə oynamaq istəyirik. Biz insanlar üçün oynayırıq”.
Konkov UFF, baş məşqçi Mixail Fomenko və milli komandanın futbolçularının düzgün addım atdıqlarına əmin olduğunu da vurğulayıb.
Amma ABŞ Futbol Assosiasiyası Ukrayna ilə yoldaşlıq görüşünün planlaşdırıldığı kimi Kiprdə baş tutacağını bildirib: “UFF yığmanın Kiprə yollanacağını və görüşün təqvimə uyğun olaraq, martın 5-də keçiriləcəyini təsdiqləyib”.