UEFA futbol üzrə Çempionlar Liqasının final matçına türkiyəli Cüneyt Çakırı baş hakim təyin etməyib. Lent.az-ın məlumatına görə, Avropa futbol qurumu Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək görüşü italiyalı referi Nikola Ritsoliyə tapşırıb.
Ritsoliyə yan xətt hakimləri qismində həmyerliləri Renato Faverani ilə Andrea Stefani yardımçı olacaq. Ehtiyat hakim isə sloveniyalı Damir Skominadır. Oyun mayın 25-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.
Qeyd edək ki, Cüneyt Çakır sonuncu dəfə Çempionlar Liqasında İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” komandaları arasında keçirilmiş ¼ final mərhələsinin cavab görüşünü idarə edib. Həmin oyunda o, meydan sahiblərinin futbolçusu Luiş Nanini meydandan qovub. Türkiyəli referinin bu qərarı böyük müzakirələrə səbəb olub. Bununla belə, Çakır final matçını idarə etməyə əsas namizəd kimi göstərilirdi.