Türkiyədən qovulanlar dünya çempionu oldu
15 iyul 2014 05:07 (UTC +04:00)

Türkiyədən qovulanlar dünya çempionu oldu

Braziliyada keçirilən dünya çempionatı maraqlı məqamı üzə çıxarıb.

 

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin baş məşqçisi Yoahim Löv Türkiyədən qovulandan sonra milli komandanı dünya çempionluğuna aparan ikinci baş məşqçi olub. Türkiyədən gedəndən sonra komandasını dünya çempionu edən birinci mütəxəssis isə Visente del Boskedir.

 

Yoahim Löv Əziz Yıldırımın “Fənərbaxça” başqanı seçilməsindən sonra komandaya gətirdiyi ilk baş məşqçi olub. Amma “Fənərbaxça” 1998-1999-cü illər mövsümündə turnir cədvəlini 3-cü yerdə başa vurandan sonra vəzifəsindən qovulub.

 

2000-ci ildə “Adanaspor”la müqavilə bağlayan Löv burada da uğursuzluqla üzləşib. Komandanın pis nəticə göstərməsi onun 2001-ci ildə baş məşqçilikdən qovulması ilə nəticələnib.

 

Amma ölkəsində ona inanan federasiya rəhbərliyi milli komandanı Lövə tapşırıb. 2008-ci ildə Bundestimi Avropa çempionatının finalına qədər aparan mütəxəssis, 2014-cü ildə dünya çempionu titulunu qazanıb.

 

“Real” Madridlə 2000 və 2002-ci illərdə Çempionlar Liqasını, 2001 və 2003-cü illərdə La Liqanı qazanan Visente del Boskenin Türkiyə macərası isə ümumiyyətlə qısa sürüb. 2004-cü ilin iyun ayında “Beşiktaş”ın sükanı arxasına keçən ispaniyalı mütəxəssis

 

Türkiyə Kubokunda “Konyaspor”a məğlubiyyətdən sonra 2005-ci ilin yanvarında işdən qovulub. “Beşiktaş”a qarşı məhkəmə iddiası qaldıran mütəxəssis 8 milyon avro təzminat da əldə edib.

 

2008-ci ildə İspaniya millisinin başına keçən del Boske 2010-cu ildə dünya çempionu adını, 2012-ci ildə isə Avropa çempionluğunu qazanıb. Elə həmin il FİFA tərəfindən təsis edilən “İlin baş məşqçisi” mükafatını da alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2422

Oxşar yazılar