Azər Məhərrəmov: “Təklif çox dəyərlidir və PFL qarşısında qaldırılacaq”
İdman Araşdırmalar Mərkəzi Topaz Premyer Liqasında mövsümü medalla başa vuran komandalara pul mükafatlarının bərpası təklifi ilə “Azəridmanservis” Dövlət Müəssisəsi qarşısında məsələ qaldırıb. “Azəridmanservis”in baş direktoru Azər Məhərrəmov isə Lent.az-a müsahibəsində təklifi müsbət dəyərləndirib.
O, Gənclər və İdman Nazirliyi, rəhbərlik etdiyi müəssisə və baş sponsor Topaz tərəfindən Peşəkar Futbol Liqasına (PFL) müraciət ediləcəyini açıqlayıb:
- Bu, yeni məsələdir. Əvvəllər pul mükafatı verilib. Topaz futbol oyununa yenicə daxil olub. Proqramın icrasına bir neçə aydır başlamışıq. Sözsüz ki, deyilən təkliflərlə yanaşı, başqaları da var. Yaxın gələcəkdə o proqram çərçivəsində müəyyən dəyişikliklər olacaq. Təklif isə məncə, çox dəyərlidir və tərəfimdən aidiyyəti qurumlar qarşısında qaldırılacaq. Klublarla bağlı irəli sürülən təklif çox yaxşıdır və məntiqli olardı. Gələcəkdə bu məsələyə yenidən qayıdacağıq.
- Amma bunun üçün Topaz Premyer Liqasının əsasnaməsində dəyişiklik aparılmalıdır...
- Əsasnamə icazə versə, bunu edə, verməsə, əlavə nəyisə yaza, imzalaya bilərik. Sözsüz ki, burada əsas rol PFL-ə, sonra isə Topaz-a məxsusdur. Mən də Gənclər və İdman Nazirliyi və öz tərəfimdən o tövsiyəni verə və məsələyə bütün maraqlı tərəflərin pozitiv şəkildə baxmasını təmin edə bilərəm. Bu, tövsiyə kimi qəbul olunur. Açığı, mən futbolla bağlı bəzi şeyləri sizlərdən eşitmək istəyirəm. Çünki texniki və idman sarıdan müəyyən məsələlər unudula bilər, özümüzün məlumatsız olmağımız mümkündür.
- Onsuz da Topazın əldə etdiyi vəsaitdən AFFA-nın hesabına pul ödənilir. Elə isə Premyer Liqaya baş sponsorluq qarşılığında ödənilən vəsait ayrıdır, yoxsa elə AFFA-ya köçürülən məbləğə daxildir?
- Mən bu haqda PFL-in prezidenti Ramin Musayevlə danışaram, sonra daha dəqiq açıqlama verərəm. Bilirsiniz, Topaz-la PFL arasında bağlanan müqavilənin müəyyən şərtləri açıqlanmır. Bu, hər yerdə belədir və normal haldır. Lakin irəli sürülən təklifə yaxın günlərdə baxılacaq. Bu, o demək deyil ki, pul mükafatının verilməsi bərpa olunacaq. Lakin Gənclər və İdman Nazirliyi, “Azəridmanservis” və “Topaz” tərəfindən o tövsiyə veriləcək.