Teymur Rəcəbov: “Həmin anda əmin deyildim ki, o, yoxsa mən xoşbəxtəm”
16 mart 2013 11:38 (UTC +04:00)

Teymur Rəcəbov: “Həmin anda əmin deyildim ki, o, yoxsa mən xoşbəxtəm”

Şahmat üzrə İddiaçılar Turnirinin ilk turunda israilli Boris Gelfandla azərbaycanlı qrossmeyster Teymur Rəcəbov arasındakı görüşün əvvəlində qeyri-adi hadisə baş verib. Lent.az-ın məlumatına görə, görüşün avstriyalı baş hakimi Verner Stubenvoll Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinovun ənənəvi ilk gedişi edəcəyini bildirib.

 

Lakin o, Rəcəbovun rəqibinin adını səhvən Vişvanatan Anand deyib. Gelfand ağ fiqurlarla oynadığı üçün İllümjinov məhz israilli qrossmeyster üçün gediş edib. Heç-heçə ilə nəticələnən qarşılaşmadan sonra mətbuat konfransında şahmatçımız bununla bağlı sualı cavablandırıb: “Həmin anda əmin deyildim ki, Gelfand dünya çempionu kimi özünü xoşbəxt hiss edir, yoxsa mən hazırkı iddiaçılar turnirinin hələ qalibi olmayan “dünya çempionu” ilə oynadığım üçün xoşbəxt sayılmalıyam”.

 

Qeyd edək ki, Boris Gelfand 2011-ci ildə keçirilmiş İddiaçılar Turnirinin qalibi olub. Lakin o, şahmat tacı uğrunda qarşılaşmada hindistanlı Vişvanatan Ananda uduzub.

# 1004
avatar

Oxşar yazılar