Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov finalda!
07 iyun 2013 22:29 (UTC +04:00)

Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov finalda!

Belarusun paytaxtı Minskdə təşkil olunan boks üzrə Avropa çempionatında bu gün yarımfinal görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin 4 idmançısı rinqə çıxıb. 


Artıq 4 bürünc medalı özlərinə təmin edən boksçularımız bu dəfə onların əyarını daha da yaxşılaşdırmağa çalışıblar.

49 kq 
Bu çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 2 il öncə Türkiyədə qazandığı Avropa çempionu titulunu qorumaq arzusunda olsa da, istəyini həyata keçirə bilməyib. Yarımfinalda irlandiyalı Patrik Barneslə üz-üzə gələn həmyerlimiz hər 3 raundda rəqibinə uduzub – 27:30, 27:30, 27:30. Nəticədə Əlizadə titulunu qoruya bilməyib və qitə çempionatını bürünc medalla başa vurub. 

52 kq
Elvin Məmişzadəni isə yarımfinalda ciddi sınaq gözləyirdi. Təmsilçimiz finala gedən yolda 2010-cu ilin Avropa çempionu, 2011-ci ilin dünya çempionatının gümüş mükafatçısı uelsli Endryu Selbi ilə qarşılaşıb. Məmişzadə də Əlizadə kimi, bu dəfə rəqibinə məğlub olub.

91 kq
Yığmamızın perspektivli üzvlərindən Teymur Məmmədov ikinci Avropa çempionluğunu bayram etməyə yaxındır. London Olimpiadasının mükafatçısı həlledici görüş üçün “Baku Fires” klubunun heyətində döyüşmüş ukraynalı Denis Poyatskla münasibətinə aydınlıq gətirib. 2 qitə çempionunun dueli təmsilçimizin qələbəsi ilə başa çatıb. Məmmədov hər 3 hissədə rəqibini üstələyib – 29:27, 29:27, 29:27. 

Onun finalda rəqibi Əmir Əhmədoviçə (Almaniya) 3:0 hesabı ilə qalib gələn rusiyalı Aleksey Yeqorov olacaq. 

+91 kq
Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov isə final uğrunda ev sahiblərinin boksçusu Viktor Zuyevlə üz-üzə gəlib. Təmsilçimiz finala gedən yolda heç də çətinlik çəkməyib. Belə ki, Məcidov rəqibi gözündən zədələndiyi üçün rinqə çıxmayıb və o, avtomatik həlledici mərhələyə adlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Oxşar yazılar