“Azərbaycan çempionatının nəticəsinə uyğun olaraq Avropa Olimpiya Təsnifat Turnirinə 18 nəfərlik heyətlə hazırlıq keçirik. Ötən ilki ixtisarlardan sonra ilk dəfə belə böyük heyətlə təlim-məşq toplanışına başlamışıq. Lisenziya yarışına Avropa Oyunlarından sonra start vermişik”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin məşqçisi Elnur Amanov deyib.
Azərbaycan idmanı üçün ilin ilk ciddi sınağı Türkiyədə baş tutacaq. Taekvondoçularımız yanvarın 16-17-də İstanbul şəhərində keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində Rioya lisenziya uğrunda mübarizə aparacaqlar. Komandamız bu turnirdə 3 idmançı ilə təmsil olunacaq. Radik İsayev (+80 kq) reytinq xalına əsasən Olimpiadaya vəsiqə qazandığından yığmamız səfərə Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Milad Beigi Harçeqani (80 kq) ilə yollanacaq.
Gənc mütəxəssis komandamızın vəziyyətini dəyərləndirərək, hazırlığın yüksək səviyyədə getdiyini bildirib: “Kişilərdən ibarət millidə lisenziya yarışlarına 2 namizədimiz vardı. 68 kq çəki dərəcəsində Ayxan Tağızadə və 80 kq çəki dərəcəsində Milad Beigi Harçeqani arasında seçim etməli idik. Avropa Oyunlarından sonra onları sınadıq. Qarşılarına şərt qoyduq ki, turnirlərdə kim özünü daha yaxşı tərəfdən göstərsə, təsnifat yarışına da o gedəcək. 20 və 10 reytinq xalı verən turnirlərdə Milad özünü daha yaxşı göstərdi, bütün yarışları qızıl medalla başa vurdu. Sonra məşqçilər korpusu ilə qərar verdik ki, turnirdə Harçeqani bizi təmsil etsin. Yəni kim daha hazırlıqlıdırsa, yarışa da o getməlidir. Ayxanın getməməyinə bəzi nüanslar da səbəb oldu. Yarışda əli sındı, belində bir az problem yarandı. Ola bilər, bu da bir az təsir göstərdi”.
Türkiyəyə yollanacaq heyətdə yer alan Fəridə Əzizova turnirə hazırlığından danışıb. London Olimpiadasının iştirakçısı bildirib ki, bu onun üçün ikinci bir şansdır: “Çox çalışıram ki, Olimpiya Oyunlarında sözümü demək üçün lisenziyanı qazanam. Gündə 2 dəfə məşqlərimiz davam edir. Öncədən heç nə demək istəmirəm. Amma çalışacağam ki, ölkəmizi layiqincə təmsil edib, vəsiqəni qazanıb, Rio Olimpiadasına qatılam”.
Avropa çempionumuz Elnur Amanov səfərə yollanacaq heyətin əvvəlki yarışlarla müqayisədə tez açıqlanmasını idmançı üçün əlavə üstünlük sayır: “Məşqçi kimi mən də deyə bilərəm ki, bunu gizlətməyin heç bir mənası yoxdur. İdmançı öncədən bunu bildikdə hərtərəfli hazırlaşır. Bu səbəblərdən də baş məşqçi Reza Mehmandost da belə qərara gəldi ki, əvvəlcədən bilsələr daha yaxşıdır. Psixoloji baxımdan da yarışa tam hazır olsunlar”.
Avropa Oyunlarının gümüş medalçısı yığmada yer almağında Azərbaycan çempionatındakı uğurunun rol oynadığını qeyd edib. F. Əzizovanın sözlərinə görə, milliləşdirilmiş legioner Marina Tedeyevanın da 67 kq çəki dərəcəsində mübarizə aparması lideri müəyyənləşdirib. Özü çempion olduğu halda, Tedeyeva bürünc medalla kifayətlənib: “Düzdür, Avropa Oyunlarından sonra reytinqdə “altılığa” düşərək, lisenziya qazana biləcəyim deyilirdi. Lakin müəllimlərlə məsləhətləşərək, bəzi yarışlarda iştirak etmədim. Həmin turnirlərə qatılsaydım belə hansı nəticə olacağını deyə bilmərəm. Federasiya rəhbərliyi qərar verdi ki, Azərbaycan çempionatında idmançılar 67 kq çəki dərəcəsində döyüşsünlər və burada kim çempion olsa, lisenziya turnirində Azərbaycanı o təmsil etsin”.
E. Amanov 2015-ci ilə kimi yığmanın 1 nömrəsi olan, dünya və Avropa çempionatının mükafatçısı Ramin Əzizovun (80 kq) durumuna da aydınlıq gətirib. O bildirib ki, London Olimpiadasının iştirakçısının heyətdə yer alması mümkünsüz idi: “Ötən il Ramin üçün çox uğursuz il oldu. Təlim-məşq toplanışında ayağı sındı. Əməliyyat olub, yenidən məşqlərə başladı və bir turnirdə gücünü də yoxladı. Lakin məşq prosesində yenə eyni yerdən ayağı sındı. Bu da Ramin üçün çox çətin oldu. Hazırda təlim-məşq toplanışındadır, məşqlərini davam etdirir. Amma bizim üçün xeyirli bir nəticə gətirə bilməyəcəyi üçün qərara aldıq ki, təsnifat turnirində şans verməyək. İnşallah, formasını bərpa edər. Onun üçün ilin ilk sınağı mayda Avropa çempionatı olacaq və orada Ramini yoxlayacağıq. Fikrimcə, yavaş-yavaş gücünü yığmağa başlayacaq”.
Yarışda taekvondoçularımızın şanslarını dəyərləndirən E. Amanov hədəfin 3 vəsiqə olduğunu açıqlayıb: “Çalışacağıq ki, 3 lisenziya olsun. Nə qədər çox idmançı ilə təmsil olunsaq, o qədər şanslarımız artır. Amma asan olmayacaq. Çünki ancaq finala yüksələnlər bu hüquqa yiyələnəcək. Artıq rəqibləri lazımınca analiz etmişik, kimə qarşı necə döyüşəcəyimizi bilirik”.
Rəqiblərini “güclü” və ya “zəiflər”ə bölməyən F. Əzizova bildirib ki, hər bir döyüşə final görüşü kimi çıxacaq: “Mübarizə apardığım çəkidə artıq reytinqə əsasən daha güclü “altılıq” lisenziya qazanıb. Bunlardan da 4-ü Avropa qitəsinin payına düşüb. Amma yenə də rəqiblərimi “güclü” və “zəiflərə” bölməzdim. Artıq taekvondo növündə jiletlər və dəbilqələr tam elektronlaşdırılıb. Bütün rəqiblər eynidir. 4 avropalı rəqibim lisenziya qazansa belə, digərlərini sıradan saymaq lazım deyil. Çünki onlar da mənim kimi hazırlaşırlar və lisenziya almaq istəyirlər. Bu səbəbdən də özümü rəqiblərimdən nə güclü, nə də zəif sayıram”.
Azərbaycan millisinin üzvlərinin artıq elektron jiletlərə öyrəşdiyini qeyd edən E. Amanov bildirib ki, artıq bununla bağlı bütün çətinliklər arxada qalıb: “Burada yaş amili də öz sözünü deyir. Təbii ki, haradasa 30 yaşında buna öyrənmək çətinlik yaradır. Buna görə də başa düşən idmançı özü çəkildi kənara ki, mənlik deyil. Bəziləri də nə isə etmək istədi, lakin alınmadı. Bir müddət sonra getdi. Amma yavaş-yavaş təmizlənir. Bu gün biz də fikir veririk ki, yığmada idmançılar hündürboy olsunlar. Elektron sistemdə bu çox böyük rol oynayır. Çalışırıq ki, formalaşdırdığımız yeni heyət 5-6 il nəticə versin, döyüşsünlər”.
Cəmi 20 yaşı olan F. Əzizova çəkisində yeni nəslin yetişməsində maraqlıdır. O bildirib ki, hər çəkidə 1, 2 və ya 3 nömrələr olmalıdır: “Çünki bu halda rəqabət də artacaq. Həmçinin zalda döyüşə biləcəyim xanım idmançı olacaq. Çəkimdə təxminən mənimlə eyni gücdə qızlar olarsa, birgə məşq edib, sınaq görüşləri keçirərəm. Bu olmadığından oğlanlarla sparinq döyüşlərdə gücümü yoxlayıram”.
E. Amanov lisenziya turnirindən Olimpiadaya və il ərzində keçiriləcək yarışlara hazırlıq planından da danışıb. O bildirib ki, Türkiyədən qayıtdıqdan sonra cəmi 1 həftə istirahət edəcək və yenidən 18 idmançı ilə hazırlığa start verəcəklər: “Azərbaycan çempionatında göstərdiyi nəticəyə əsasən milliyə 12 idmançı dəvət etmişik. Onlardan 3-4 nəfəri gənclər komandamızdan əsas yığmaya keçiblər. Əvvəldən tanıdığımız, yenidən şans vermək istədiyimiz idmançılar da var”.
Sonda F. Əzizova bildirib ki, qardaş ölkədə qalib gəlməsi üçün azarkeş ordusu ilə yanaşı, məşqçisinin tapşırıqları əsas rol oynayacaq: “İdmançının arxasında güvənə bildiyi müəllimi oturub, yetirməsi üçün düzgün taktika verirsə, bu, böyük bir üstünlükdür. Həm də bir şey var ki, gərək idmançı öz müəllimini hiss etsin. Bunlar olmadıqda döyüşü aktivinə yazmaq çox çətinləşir”.