Stadionda pəncərə sındıran legionerlə bağlı qərar verildi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, yığıncaqda Azərbaycan Kubokunun 1/2 mərhələsinin ilk oyunları, həmçinin Topaz Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub.
Kubokun “Qəbələ” – “Qarabağ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
“Sumqayıt” – “Zirə” oyunu başa çatdıqdan sonra ev sahiblərinin mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.
Premyer Liqanın “Sabah” – “Keşlə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Keşlə”nin legioner futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah”ın təqdim edəcəyi hesab əsasında “Keşlə” klubu tərəfindən ödənilməlidir.
“Zirə” – “Qarabağ” görüşündə qəsəbə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib. “Səbail” – “Qəbələ” matçında 4 futbolçusu sarı vərəqə alan ev sahiblərinin cəriməsi də eyni olub.
687