Bakının AZAL futbol klubunun büdcəsi 2,5 dəfə azaldılıb. Bu haqda Lent.az-a komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib.
V.Sadıqov bildirib ki, növbəti mövsüm üçün büdcənin 1 milyon manat olacağı klubun vitse-prezidentləri vasitəsilə ona çatdırılıb. Hazırda 12 futbolçunun müqaviləsinin bitdiyini deyən baş məşqçi onlardan bir çoxunun başqa komandaya keçdiyini bildirib: “İndi köhnə heyətdən 10 futbolçu qalıb. Gedənlər isə məndən halallıq alaraq, başqa klublara keçiblər. Bu yaxınlarda klubun prezidenti Zaur Axundovla görüşüm olacaq. AZAL-la hələ bir illik müqaviləm var. Növbəti mövsüm üçün hədəflər bilinəndən sonra qərarımı verəcəyəm. Mənə inanaraq, komandada qalan futbolçuları pis vəziyyətdə qoymaq istəmirəm. Batan gəmini ən sonda kapitan tərk edir. Sonadək iddialarımızı davam etdirəcəyik”.
AZAL 2012-2013-cü il mövsümünü 7-ci pillədə başa vurub. Komanda mükafatçılar sırasına düşə və Avropa kuboklarına vəsiqə qazana bilməsə də, Sadıqov ötən mövsüm ərzində böyük işlər gördüklərini bildirib: “Gücümüzü oyun modelinin formalaşmasına, güclü komandaya çevrilməyə sərf etmişdik. Növbəti mövsüm çox iddialı komandaya çevriləcəkdik. Təəssüf ki, büdcənin azaldılması səbəbindən müqaviləsi bitən futbolçuları heyətdə saxlaya bilmədik”.
Qeyd edək ki, AZAL-ı tərk edən futbolçulardan Junior Nildo və Zohair Benuahi “Xəzər Lənkəran”a, Usim Nduka Bakı “İnter”inə, Orxan Səfiyaroğlu və Amil Ağacanov “Simurq”a keçib. Qalan oyunçular isə müxtəlif klublarla danışıqlar aparırlar.