Fransa çempionu PSJ İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kriştianu Ronalduya inanılmaz təklif ünvanlayıb. Lent.az-ın məlumatına görə, Paris klubunun sahibi Şeyx əl-Xələfi portuqaliyalı ulduza ildə 18 milyon avro ödəməyə hazırdır.
“Kral klubu” isə bu keçidə razılıq versə, 100 milyon avro qazanacaq. Transferin baş tutması “Real Madrid”in prezidenti Florentino Peresdən asılıdır. Peres Joze Mourinyonu istefaya göndərərək, Karlo Ançelottini PSJ-nin sükanı arxasından “qoparmaq” istəyir. Lakin italiyalı mütəxəssisin Fransa klubu ilə hələ 1 il müqaviləsi var. Peres Ronaldunu satmağa icazə versə, PSJ Ançelottini “Real Madrid”ə buraxacaq. Digər tərəfdən, əl-Xələfinin Paris komandasında baş məşqçi postuna namizədləri arasında Mourinyo da var.
Qeyd edək ki, yay transfer dövründə bir sıra cəlbedici transferin gerçəkləşəcəyi gözlənilir. Hazırda İtaliya “Napoli”sindən Edinson Kavaninin İngiltərənin “Çelsi” klubuna keçidi də gündəmdədir. “Zadəganlar”ın sahibi Roman Abramoviç Kavani üçün “Napoli”yə 63 milyon avro ödəməyə hazırdır. “Real Madrid” isə Kriştianu Ronaldunun əvəzinə İngiltərə “Mançester Yunayted”indən Ueyn Runini almaq istəyir. Bunun üçün “kral klubu” 40 milyon avro ayırıb.