I Avropa oyunları nə ilə yadda qalacaq?
16 mart 2015 17:52 (UTC +04:00)

I Avropa oyunları nə ilə yadda qalacaq?

Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın   dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan yaradır. Təsadüfi deyildir ki, bu uğurlar Avropada baş tutacaq ilk oyunların Azərbaycanda keçirilməsi üçün məntiqi zəmin hazırladı. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə danılmazdır.

24 illik müstəqillik tariximizə baxmayaraq nailiyyətlərimiz çoxillik tarixi olan əksər dövlətlərin nailiyyətlərindən daha çoxdur. Bu, Azərbaycanın öz gücünə əldə etdiyi, ağıl gücünə idarə etdiyi müstəqilliyinin bəhrəsidir.

Bakı Avropa oyunlarında Avropanın 49 ölkəsindən 6000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Tədbir:

-         Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə;

-         ölkəmizin turizm potensialının nümayiş olunmasına;

-         Azərbaycanın artan iqtisadi-siyasi inkişafının tanıdılmasına;

-         milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi özünəməxsus ali keyfiyyətlərimizin və s.)  Avropa cəmiyyətinə təqdim olunmasına;

-         multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın tanıdılmasına;

-         Şərq və Qərbin beşiyi, sivilizasiyalararası dialoq məkanı olan Respublikamızın obyektiv şəkildə qiymətləndirilməsinə -  imkan verəcək.

Reallaşan çoxşaxəli fəaliyyətin əsas məqsədi oyunların maksimum şəkildə planlı, məntiqi təşkili, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycanın istər idman, istərsə də iqtisadi-siyasi sahədə nail olduğu böyük uğurların nümayişidir. Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, 2015-ci il oyunları istər təşkilati, istər struktur, istərsə də regional baxımdan yaddaqalan olacaq Azərbaycan bu etimadı da doğruldacaqdır.  Avropa Oyunlarının uğurlu təşkili , belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək, Respublikamız öz adını tarixə salacaqdır.

Nailə Məmmədova

Azerbaijan Realities

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar