Serbiyalı basketbolçu: “Atletlər Kəndi məni heyrətləndirdi”
27 aprel 2015 15:55 (UTC +04:00)

Serbiyalı basketbolçu: “Atletlər Kəndi məni heyrətləndirdi”

"İndiyədək bir çox beynəlxalq yarışlarda iştirak etmişik. Adətən bizi hotellərdə yerləşdirirlər. Həyatımda ilk dəfədir ki, idmançılar üçün tikilən ayrıca binalar görürəm. Atletlər Kəndində oldum. Çox heyrətləndim. Olduqca möhtəşəmdir".
 
APA TV-nin məlumatına görə, bunu Serbiyanın "Novıy sad" komandasının oyunçusu Marko Saviç Bakı 2015 I Avropa Oyunlarına hazırlıqla bağlı öz təəssüratlarını bölüşərkən deyib.
 
Bakını çox bəyəndiyini deyən serbiyalı oyunçu artıq şəhərdə gəzəcəyi yerlərin siyahısını da tutub: "Qısa müddətə də olsa, şəhərin mərkəzində olduq. Çox xoşumuza gəldi. Əlbəttə, İçərişəhəri də görmək istəyirik. Amma hələlik proqramdan kənara çıxa bilmirik. İstənilən halda ora getmək istəyərdik".
 
Bakıda keçirilən kişilər arasında 3x3 basketbolu üzrə beynəlxalq turnirə qatılan komanda bu gün Atletlər Kəndi ilə tanış olub, burada məşq ediblər. İki gündür ki, ölkəmizdə olan komanda Bakı Olimpiya stadionuna və bir sıra digər idman obyektlərinə baş çəkiblər. I Avropa Oyunlarına hazırlıq məqsədi ilə keçirilən beynəlxalq turnirdə Azərbaycanın “Qala” və “NTD” basketbol klubları üçüncü-dördüncü yerləri bölüşüblər. Serbiyalı oyunçular  komandaların oyununu qiymətləndirib: "Biz orada Azərbaycan komandalarının oyununa baxdıq. Biz bilmirik həmin oyunçular yığma komandada oynayacaqlarmı? Amma demək istəyərdim ki, keyfiyyətli oyunçularınız var".
 
Atletlər Kəndində idmançıların asudə vaxtlarını keçirmək üçün yaradılan kiçik meydançada məşq edən xarici idmançılar azərbaycanlı jurnalistlərlə də basketbol oynayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar