Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərindəki İddiaçılar Turnirində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, Ş. Məmmədyarov 12-ci turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.
Görüş 60-cı gedişdə “sülh”lə nəticələnib – 0,5:0,5. Levon Aronyan (Ermənistan) - Vladimir Kramnik (Rusiya) və Vişvanatan Anand (Hindistan) - Dmitri Andreykin (Rusiya) görüşlərində də heç-heçə qeydə alınıb. Veselin Topalov (Bolqarıstan) isə Peter Svidlerə (Rusiya) qalib gəlib.
Beləliklə, 12 turdan sonra Anand 7,5 xalla liderliyini davam etdirir. Aronyan 6,5 xalla 2-ci pillədə qərarlaşıb. 6 xala malik Məmmədyarov Karyakinlə birgə 3 - 4-cü, Svidler, Kramnik, Andreykin və Topalov isə hərəyə 5,5 xalla 5 – 8-ci yerləri bölüşdürürlər.
İddiaçılar Turnirinin qalibi olma şanslarını xeyli azaldan Məmmədyarov 13-cü turda qara fiqurlarla Svidlerə, 14-cü turda isə ağ fiqurlarla Kramnikə rəqib olacaq. Son 2 tur martın 29-da və 30-da keçiriləcək.