Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” turnirinin 4-cü turunda təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb. Lent.az-ın məlumatına görə, görüşün ardından hər iki şahmatçı mətbuat konfransına qatılıb.
Məmmədyarov oyununun o qədər də yaxşı alınmadığını etiraf edib: "Ötən tur Hikaru Nakamura ilə görüşdə bu vəziyyətə hazırlaşmışdım. Mən gözlədiyim gedişi Sergey etmədi. Gedişləri təkrarlamamışdım, ona görə yaddan çıxdı. Vəziyyət çox maraqlı alındı və nəticədə heç-heçəyə razılaşdım. Hələlik oyunum o qədər alınmır. Yəqin, qarşıdakı turlarda daha yaxşı oyun sərgiləyərəm”.
Karyakin isə rəqibinin güclü şahmatçı olduğunu bildirib: "Ötən gün partiya uzun çəkdiyi üçün Şəhriyara qarşı yaxşı hazırlaşa bilmədim. Cəmi 30 dəqiqə hazırlaşmışdım. Yorğunluq özünü göstərir. Ardıcıl 3-cü turnirimdir. Uzun çəkən partiyadan sonra normal hazırlaşmaq olmur. Şəmkirdə zəif şahmatçı yoxdur. Bütün turlarda güclü rəqiblərə qarşı oyun çətin alınır. Heç-heçə normal nəticədir. Şəhriyar haqda bir neçə söz demək istərdim. 2 məğlubiyyətə baxmayaraq, Məmmədyarov güclü şahmatçıdır. O, Şəmkirdə hər birimiz üçün qorxulu rəqibdir”.