Sadıq Sadıqov: "Çixura” komanda deyil"
01 avqust 2014 02:28 (UTC +04:00)

Sadıq Sadıqov: "Çixura” komanda deyil"

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Çixura” ilə qarşılaşan “Neftçi” yenə qələbə qazana bilmədi. Bununla da paytaxt təmsilçisi avrokuboklardakı qələbəsiz oyunlar seriyasını 8-ə yüksəltdi.

Apasport.az saytının məlumatına görə, matçdan sonra jurnalistlərin suallarını cavablandıran "Neftçi"nin prezidenti Sadıq Sadıqov mərhələ keçəcəklərinə əmin olduğunu vurğulayıb.

 

- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı.

 

- Bugünkü oyuna futbol demək olmaz. Rəqib çox qapandı. Oyunu tamamilə müdafiədə keçirdilər. Yəqin ki, öz meydanlarında açıq futbol oynayacaqlar. Çünki qol vurmaq üçün irəli atılacaqlar. “Neftçi” isə bu cür oyunu xoşlayır.

 

- Belə fikriniz var: gərək “Neftçi”yə qarşı bir addım atılsın ki, “Neftçi” də qarşılıq versin. Bu gün həmin addım atılmadı?

 

- Bunu “Koper”lə oyundan sonra da demişəm. Çünki burdakı məğlubiyyətdən sonra çoxları deyirdi ki, səfərdə də uduzacağıq. Kimisi 4, kimisi 5 top buraxacağımızı düşünürdü. Ancaq mən futbolçularıma inanırdım. Çünki neçə ildir komandanın içərisindəyəm, gücümüzə bələdəm, hansı komandanı keçəcəyimizi bilirəm. “Çixura” “Neftçi”yə uyğun rəqib deyil. Yəqin ki, orda daha yaxşı oynayacağıq. Bilirsiniz ki, Premyer Liqada da qapalı futbol oynayan komandalara qarşı çətinlik çəkmişik. Ya uduzmuşuq, ya da heç-heçə etmişik. “Neftçi” açıq futbol oynamağı sevən komandadır.

 

- Gürcü fanatlar tərəfindən təxribatçı plakatlar açıldı. Bunu gözləyirdinizmi?

 

- Qətiyyən gözləmirdik. Onlar təşkilatı işləri elə qurmuşdular ki, gəlib Bakı aeroportunda qalmışdılar. Sərilib yatmışdılar. Xəbər tutan kimi dərhal klubun avtobusunu aeroporta göndərdik. Vitse-prezidentimiz və klubun digər əməkdaşları da hava limanına yollandı. Onlara kömək etdik. Çünki bu iki xalq arasında tarixən dostluq münasibətləri olub. Plakat çıxardacaqlarını gözləmirdik. Fikirləşdik ki, gəliblər, komandaları dəstəkləyəcəklər, oyuna baxacaqlar, sonra da çıxıb gedəcəklər. Futbolu siyasiləşdirmək olmaz.

 

- “Çixura” rəsmiləri dedilər ki, həmin azarkeşlər “Dinamo”nun fanatlarıdır. Onların “Çixura”ya aidiyyatı yoxdur...

 

- Bizim üçün fərqi yoxdur, onlar Gürcüstan vətəndaşlarıdır.

 

- Bayaq vitse-prezidenti hava limanına göndərdiyinizi dediniz. Kimi nəzərdə tuturdunuz?

 

- Tahir Süleymanovu nəzərdə tuturdum. Bəli, o istefa verib və tərəfimdən istefası qəbul edilib. Amma belə məqamlarda bizə kömək edir. “Neftçi” xalqın komandasıdır, hər kəs gəlib kömək edə bilər. Əsas odur ki, komandamıza dəstək olaq. Dünən “Qarabağ” əla oyun nümayiş etdirdi. Düzdür, sona yaxın bəzi futbolçular məsuliyyətsizlik nümayiş etdirməklə qırmızı vərəqə aldılar və komandanı çətin durumda qoydular. Səfərdə Reynaldosuz, Telisiz oynayacaqlar. Çətin olacaq. Bu da bir qismətdir. Gərək İlahinin də bir təkanı olsun.

 

- “Koper”lə cavab oyunundan əvvəl 2:0 hesabı ilə qələbə qazanacağınızı demişdiniz.

 

- Həqiqətən həmin yuxunu görmüşdüm və çin çıxdı. Eşidirəm ki, bəzi jurnalistlər oyunu aldığımızı deyirlər. Elə alan idimsə, həmin pulu öz futbolçularımıza verib, onları stimullaşdırardım.

 

- Cavab oyunu ilə bağlı nə deyə bilərsiniz?

 

- “Çixura” komanda deyil. Onları səfərdə udacağıq. 2:1 hesabı ilə qələbə qazanacağıq. Bu gün alınmadı. Həm də komandaya təsir edən amillər var. Çempionat oyunları zamanı stadiona çox az adam gəlir. Avrokuboklar zamanı isə tribunalar dolur. Bəzən bu dəstək təzyiqə çevrilir. Bu gün stadion dolmuşdu. “Koper”lə oyunda da belə idi. Nə bilim, alınmadı. “Çixura” ilə Türkiyədə iki dəfə qarşılaşdıq. Onda legionerlərimiz yox idi. Bir heç-heçə edib, digərində uduzduq. Etiraf edim ki, Mirhüseynin oyunu alınmadı, Bertuççi istənilən effekti vermədi, Vobay nə isə etməyə çalışırdı, sonu gəlmədi. Araz da istədiyimiz kimi oynaya bilmədi. Gürcüstanda lazım olan nəticəni qazanıb, pley-off oyununu Tofiq Bəhramov adına respublika stadionunda keçirəcəyik.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1531
avatar

Oxşar yazılar