Qurban Qurbanov... Futbolla yeni tanış olduğum vaxtlarda Voronej şəhərinin adını artıq 11 yaşımda tanıdım Qurbanın sayəsində. Futbol dünyasına səyahətimin ilk çağlarında Voronejin “Fakel” klubunda oynayırdı O. Həmin ərəfələrdə çox vaxt yığmaya çağırılmırdı, bəzən də özü dəvətdən imtina edirdi. Çoxları kimi mən də onu qınamışdım. Axı Rusiyanın 2-ci divizionunda nə görmüşdü Qurban? Qurban Rusiyada legioner həyatı yaşayıb ölkəyə qayıtdı. “Neftçi”-də göstrədiyi oyunla tükənmədiyini göstərdi və vaxt gəldi soyuqqanlı Qurban “Qarabağ”-ın başına keçdi.
Stadionlardan soyumağa başlayan azarkeşləri meydana qaytardı Qurban. 2009-cu ildə püşk Çempionlar Liqasında vaxtilə əjdahalarla kəllə-kəlləyə gəlmiş “Rusenborq”-u “Qarabağ”-ın bəxtinə çıxartdı. “Qarabağ” “Rusenborq”-u devirdi və Avropa turnesinə uzun müddətli səfər başladı. “Qarabağ” Avropa Liqasının qrup mərhələsini astanasına qədər gəldi, qapını döyüb qayıtdı, amma içəri adlaya bilmədi.
Qurban, dünən nəhayət “Qarabağ”-ı qrup mərhələsinə daşıdı. Artıq Qurbanlı “Qarabağ” qitənin ikinci ən nüfuzlu turnirində Qarabağı, Qarabağlı Azərbaycanı təmsil edəcək.
Təbriklər, Qurban!