Qattuzo baş məşqçi oldu
04 iyun 2013 18:24 (UTC +04:00)

Qattuzo baş məşqçi oldu

Ötənlərin məşhur futbolçusu Cennaro Qattuzo İtaliyanın “Palermo” klubuna baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, bu barədə klub prezidenti Maurisio Zamparini açıqlama verib.

 

O bildirib ki, Qattuzo növbəti mövsümdən komandaya rəhbərlik edəcək: “Biz Cennaro kimi insanın komandanı hazırlayacağına şadıq. Əminəm ki, o, bizi A seriyasına qaytaracaq”.

 

Qeyd edək ki, bu mövsüm “Palermo” İtaliya çempionatında 32 xalla 18-ci yeri tutaraq, B seriyasına enib. Cennaro Qattuzo 2012-ci il iyunun 15-də İsveçrə “Syon”una oynayan məşqçi təyin olunub. Lakin qeyri-qənaətbəxş nəticələri üzündən Qattuzo bu il mayın 13-də məşqçi vəzifəsini tərk edib və yalnız futbolçu kimi qalıb. O, futbolçu karyerası ərzində 13 ilədək çıxış etdiyi “Milan”la 2 dəfə (2003-2004, 2010-2011) İtaliya çempionluğu, 1 dəfə (2003) İtaliya Kuboku, 2 dəfə (2004, 2011) İtaliya Superkuboku, 2 dəfə (2003, 2007) Çempionlar Liqasını, 2 dəfə (2003, 2007) UEFA Superkuboku, 1 dəfə (2007) klublararası dünya çempionluğu qazanıb və İtaliya yığmasının heyətində 2006-cı ildə dünya çempionu olub. 35 yaşlı sabiq yarımmüdafiəçi sərt oyun üslubu və meydanda aqressivliyi ilə seçilib. 

# 795
avatar

Oxşar yazılar