“Oyundan narazı qaldım. Bəzi məqamlarda mən istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdi. Bundan yaxşı oynaya da bilərik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Malta üzərində 2:0 hesablı qələbə qazanan komandamızın xorvatiyalı çalışdırıcısı bildirib ki, nəticə ürəyincədi: “Futbolçular əllərindən gələni etdilər. Lakin onların potensialı bundan da yaxşı oynamağa imkan verir”.
- Məhəmməd Qurbanovu oyunun gedişində meydana buraxacağınızı gözləyirdik. Amma ona şans vermədiz...
- Qarşılaşmadan öncə çətin matç olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Fikir verirəm ki, jurnalistlər tövsiyə edirlər ki, kim harda oynamalıdı. Mən baş məşqçiyəm, öz fikirlərim var. Namiq Ələsgərov matça yaxşı başladı, amma zədələndi. Ümid edirəm ki, onun zədəsi ciddi deyil. Mən ümumilikdə hücum, yarımmüdafiə və müdafiə xəttindən razı qaldım.
- İkinci hissənin müəyyən bölümündə yığma sanki oyundan qopmuşdu. Geri çəkilmə nə ilə əlaqədar idi?
- Sözsüz ki, bu, psixoloji təzyiqlə bağlı idik. Əvvəlki 4 oyunda məğlub olmuşduq. Buna görə də, komanda bu dəfə qalib gəlməli idi. 90 dəqiqə hücum futbolu oynaya bilmədik. Üstəlik, bu gün 3 futbolçu ilk dəfə millinin formasını geyindi. Bəzi məqamlarda geri çəkilməli olduq. Bu da dediyim kimi, psixoloji gərginliklə bağlı idi. Erkən qol vurduq. Birinci hissədə topu daha çox saxlamağa çalışdıq. Səhvlərimiz oldu. Tam istədiyimiz kimi hər şey alınmadı, vaxt lazımdı. Futbolçular da insandılar, onları da başa düşmək lazımdı. Malta böyük futbol ölkəsi olmasa da, belə komandalara qarşı oynamaq çətindi.
- Arif Daşdəmirovla Əfran İsmayılovun çıxışından razı qaldızmı? Razısızmı ki, legioner futbolçularımızın azlığı komandanın çıxışına mənfi təsir edir?
- Hər ikisindən razı qaldım. Yaxşı mübarizə apardılar. Bəli, top səhvləri oldu, amma bunsuz mümkün deyil. Əfran Azərbaycanın ən bacarıqlı potensiallı futbolçularından biridi. Gələcəkdə ondan bundan da yaxşı oyun gözləyirik. Cavid Hüseynovu da qeyd etmək istərdim. İndiyədək ondan belə yaxşı oyun görmüşdüz? Əsas heyətdə şans verdiyim bütün futbolçular klublarında daimi oynayırlar. Nazarovu sonradan meydana buraxdım. Ümid edirəm ki, legioner həyatı yaşayan futbolçular klublarında daha çox oynayacaqlar. Həm Nazarov, həm də Eddi İsrafilovdan bunu gözləyirəm.
- Rahid Əmirquliyevi həm millidə, həm də klubunda daha çox dağıdıcı funksiya yerinə yetirən oyunçu kimi görmüşük. Bu dəfə cinahdan hücuma daha çox atılırdı...
- Son 4 ayda Rahidin çıxışını çox izləmişəm. Daim eyni səviyyədə oynayır. Çox yaxşı, peşəkar futbolçudu. Onun üçün dağıdıcı, yoxsa hücumameyilli oynamasının fərqi yoxdu. Həmişə əlindən gələni edir, meydanda mübarizə aparır. İnsan kimi də müsbət insandı.
- Azərbaycan yığmasının ikinci hissədə oyunu alınmadı. Əvəzində Malta kimi balaca ölkənin millisi fasilədən sonra daha yaxşı çıxış etdi. Bu amil sizi təəssüfləndirmir?
- Maltanın Xorvatiya ilə oyununu izləmişdim. İtaliya da Maltanı çətinliklə məğlub etmişdi. Razıyam, ikinci hissədə 10-15 dəqiqə ərzində Malta bizdən güclü idi. Onlara qarşı oynamaq asan deyil.
- Matçın sonlarında hiss olunurdu ki, futbolçular yorulub. Qarşıdan daha güclü rəqib olan Norveçlə görüş gəlir. Futbolçuların indiki durumu Norveçlə matçda sona kimi vuruşmağa imkan verəcəkmi?
- 6-7 gün ərzində fiziki durumun üzərində işləmək mümkün deyil. Norveçlə oyuna kimi vaxt var. Futbolçular klublarının heyətində daha yaxşı məşq etməlidilər.
- Əgər qarşılaşmanın gedişində hesab 1:1 olsaydı, B planınız nə ola bilərdi?
- Futbolda hər şey mümkündü. Rəqib bərabərlik qolu vurub, hesabda önə keçə də bilərdi. Hər bir məşqçinin B planı var. Sirlərimi tam açmaq istəmirəm. Qarşıdan oyunlarımız gəlir. Bundan sonra motivasiya daha yüksək olacaq. Çempionat oyunlarına da gedəcəm. Əlimizdən gələni edəcəyik ki, iyunda Norveçə qarşı daha yaxşı oynayaq.
- 4-1-4-1 taktikin sxemi sırf Malta ilə qarşılaşma üçün qurulmuşdu, yoxsa qarşıdakı görüşlərdə də bu sxemlə oynayacağıq?
- Maltanı kifayət qədər analiz etmişdik. Bütün oyunlarına baxıb, zəif cəhətlərini müəyyənləşdirmişdik. Birinci qolumuzu yadınıza salın. Bilirdik ki, rəqibin cinahları zəifdi, ondan istifadə etmək istəyirdik və alındı da. Sabahdan Norveçlə oyunu düşünəcəyik. Sistem ondan asılıdı ki, həmin vaxt hansı oyunçular hazır olacaqlar.
- Əks-hücumlar zamanı daha çox geri ötürmələr görürdük. Bu sizin tapşırığınız idi, yoxsa futbolçular tapşırığı yerinə yetirə bilmirdilər?
- İlk dəqiqlərdən yaxşı başladıq. Komandamız müdafiədən hücuma tez keçirdi. Mən də futbolçu olmuşam. Təzyiq çox böyük idi. Hesabda önə keçəndə istər-istəməz ehtiyatlı oynamağa, topu saxlamağa çalışırsan. Fasilədə dedim ki, öz futbolunuzu oynayın, siz rəqibdən daha güclüsüz. Ümumilikdə razı qaldım.
- Mahir Şükürov ehtiyatda qaldı. Rəşad Sadıqov isə bu gün tam olaraq, öz oyununu göstərə bilmədi. Deyə bilərikmi ki, artıq gənclərə üstünlük verməyin vaxtı çatıb?
- Potensialı böyük olan gənc futbolçular Azərbaycanda var. Rəşadla bağlı sizlə razı deyiləm. Bacardığını meydanda göstərdi. Rəşad lider futbolçudu, kapitandı, təcrübəlidi. Məncə, Rəşad hələ milliyə kömək edə bilər. Gələcəkdə baxaq görək onu kim əvəz edə bilər.