Polşa Ekstraklasasının XI turu çərçivəsində “Lex”lə qarşılaşan “Legiya” 0:3 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, bu yenilgi “Legiya”lı futbolçulara baha başa gəlib.
Belə ki, bundan öncə “Yagelloniya”ya, ardınca isə “Lex”ə məğlubiyyət azarkeşlərin səbr kasasını daşırıb. Sonuncu yenilgidən sonra stadionun çıxışında bir qrup fanat oyunçuları gözləyib.
Futbolçular isə azarkeşlərin sadəcə söhbət edəcəklərini düşünərək onlara yaxınlaşıblar. Qəfildən hücum edən fanatlar futbolçuları döyməyə başlayıblar. Qarşıdurma zamanı “Legiya”nın əfsanəsi və hazırda klubda köməkçi məşqçi kimi işləyən Aleksandr Vukoviç də döyülüb.
Ardınca isə fanatlar futbolçulara əgər belə oynamağa davam etsəniz, biz yenə gələcəyik deyə xəbərdarlıq ediblər.
Qeyd edək ki, 11 oyundan sonra aktivində 16 xal olan “Legiya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.