Mayın 29-da Bakıda start götürəcək yeniyetmələr arasında atletika üzrə Avropa olimpiya təsnifat yarışı (European Youth Olympic Trials) ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunda təmir işlərinə başlanılıb. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, təmir işləri Avropa Atletika Federasiyasının tələbinə əsasən aparılır: “Avropada hər bir nüfuzlu yarış ərəfəsində idman qurğularına əl gəzdirilir. Bu yarış da Yeniyetmələrin 2014-cü il Nankinq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İndiyədək ölkəmizdə atletika üzrə belə səviyyəli turnir təşkil olunmayıb. Avropa Atletika Federasiyasının bu yarışla bağlı bəzi tələbləri var. Biz də həmin tələbləri yerinə yetiririk. Konkret olaraq, qaçış zolaqlarının bəzi hissələrini düzəldir, bəzi yerlərini dəyişdiririk. Bununla yanaşı, tribunaların ön cərgələrindəki oturacaqlar çıxardılacaq və qaçış zolağının ərazisi genişləndiriləcək. Nəticədə qaçış zolağının eni böyüdüləcək. Avropa Atletika Federasiyası komissiyasının da nəzarəti altında aparılan təmir işləri 15-20 günə tamamlanacaq”.
İsmayılovun sözlərinə görə, təmir işləri stadionda Topaz Premyer Liqası matçlarının keçirilməsinə mane olmayacaq. Direktor deyib ki, 2 il öncə aparılmış əsaslı təmirdən sonra arenada heç bir ciddi problem yoxdur: “Stadionumuz yüksək səviyyəli təmirdən çıxıb. Hazırda “Qarabağ” ev oyunlarını bizim arenada keçirir. Komandanın baş məşqçisi Qurban Qurbanovun necə tələbkar mütəxəssis olduğunu hamı bilir. İndiyədək ondan heç bir narazılıq eşitməmişik”.
Qeyd edək ki, Avropa olimpiya təsnifat yarışı iyunun 2-dək davam edəcək. Atletikanın 36 növü üzrə baş tutacaq turnirdə qitənin 50 ölkəsindən 16-17 yaşlı 840-dək idmançının iştirakı gözlənilir.