“Barselona”nın hücumçusu Neymar dələduzluqda və vergidən yayınmaqda günahkar bilinib.
Apasport.az saytının braziliya mətbuatına istinadən məlumatına görə, o, 2012-2014-cü illərə aralığında külli miqdarda vergini ödəməkdən boyun qaçırmaqda təqsirləndirilib.
San-Paulunun yerli məhkəməsi artıq işlə bağlı yekun qərarını açıqlayıb. Belə ki, məhkəmənin hökmünə görə, Neymar düz 46 milyon avro cəza ödəməlidir. Lakin bu, son deyil, belə ki, braziliyalı hücumçu qərardan apelyasiya vermək hüququna malikdir.
Qeyd edək ki, yerli məhkəmə orqanları 2015-ci ilin sentyabrında futbolçunun bütün mal varlığına həbs qoymuşdu. Oyunçu özü və ailəsi isə günahsız olduqlarını iddia edirlər.