ABŞ-ın “Mayami Hit” komandası NBA (Milli Basketbol Assosiasiyası) çempionatının qalibi olub. Lent.az-ın məlumatına görə, final “pley-off” seriyasından 7-ci matçda “Mayami” “San-Antonio Spers”ə qalib gəlib - 95:88 (18:16, 28:28, 26:27, 23:17).
Görüşün ən məhsuldar oyunçusu qalib komandadan “dabl-dabl” (37 xal + 12 ribaund) edən Lebron Ceyms sayılıb. Onun komanda yoldaşı Dueyn Ueyd 23 xal yığıb və 10 ribaund (“səbətdən qayıdan topu götürmə”) edib. “San-Antonio”nun heyətində isə Kavay Leonard (19 xal + 16 ribaund) və Tim Dankan (24 xal + 12 ribaun) “dabl-dabl”la yadda qalıb. Final seriyasının ən qiymətli oyunçusu da Lebron Ceyms seçilib. “Mayami”nin hücumçusu ardıcıl 2-ci il bu mükafata layiq görülüb.
Qeyd edək ki, “Mayami” NBA çempionu titulunu dalbadal 2-ci il əldə edib. Ötən il “Hit”lər 5 oyundan ibarət final seriyasında “Oklahoma Siti Tander”dən güclü olublar. Ümumilikdə “Mayami”nin tarixində 3 çempionluq var. İlk belə titul 2006-cı ildə qazanılıb.