Küləklər şəhərində sürət yarışı
0
0
Azərbaycanın son illər bir sıra mötəbər yarışlara uğurla ev sahibliyi etməsi ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsində mühüm amildir. Bu baxımdan artıq 3-cü dəfədir ki ölkəmizdə baş tutacaq “Formula 1” yarışlarının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu yarış tamaşaçı auditoriyası baxımından, Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulur. Qeyd edək, 2016-cı ildə Bakıda ilk dəfə keçirilən yarış Formula-1 üzrə Avropa Qran-Prisi adı altında reallaşmışdı. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Vyanada keçirilən Baş Assambleyasında qərar verildikdən sonra, 2017-cı ildə Azərbaycanda keçirilən Formula-1 üzrə Avropa Qran-Prisinin adı dəyişdirilərək Avropa deyil, Azərbaycan Qran-Prisi adlandırıldı.
Bu il 27-29 aprel tarixlərində Bakı Formula 1 Azərbaycan Qran Prisi yarışlarına ev sahibliyi edəcək. 21 ölkənin ev sahibliyi etdiyi dünyanın ən elit yarışlarından biri - “Formula-1” yarışları içərisində sayca 4-cü Qran Pri olan Azərbaycan Qran Prisi öz unikallığı ilə seçilir. Azərbaycan Qran-Prinsinin şəhər treki özündə qədimliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşir. YUNESKO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, müasir üslubda inşa olunmuş əzəmətli Alov Qüllələrinin və füsunkar gözəlliyə sahib Dənizkənarı Parkın trekin ətrafında yerləşməsi Bakını Formula-1 yarışının zövqlə izləniləcəyi unikal məkana çevirir. Analoji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz fərqliliyi ilə seçilir. Bu trek “Formula-1” təqvimində şəhər treklərinin ən sürətlisidir. Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradır. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edir. Azərbaycan Qran-Prisi bənzərsiz edən digər amil yarış müddətində dünya musiqisinin ən məşhurlarından Jamiroquai , Kristina Agilera və Dua Lipanın Bakıda ən çox sevilən mahnıları ilə çıxış etməsi olacaq. Bu ulduzlar dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş “Formula-1” azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.
Bakı Şəhər Halqasında azarkeşlərin rahat şəkildə yarışı izləmələri üçün bir neçə yerdə xüsusi tribunalar quraşdırılıb. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı yarış müddətində diqqətini Bakıya yönəldəcəkdir. Bütün bunlar Azərbaycanda Formula 1 həvəskarlarının sayını artırmaqla yanaşı, ölkəmizdən də peşəkar pilotların yetişməsinə təkan olur. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə yaradılmış, aprelin 20-də açılışı baş tutmuş Bakı Şəhər Kartinq Mərkəzinin yaradılmasında da əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə marağı artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.
“Formula-1” Azərbaycan Qran-prisini izləmək üçün ölkəmizə minlərlə turist gəlir, Azərbaycan paytaxtı dünyanın dörd bir yanından olan yarış həvəskarlarının diqqət mərkəzinə çevrilir. “Formula-1" yarışlarının Şərq və Qərbin qapısında - Bakıda baş tutması ölkəmizin beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi üçün malik olduğu potensialı bir daha nümayiş etdirir.
Nailə Məmmədova
“Azerbaijan Realities”
0
0