Mourinyonun sabiq klubu Azərbaycanı reklam edəcək
20 may 2013 16:45 (UTC +04:00)

Mourinyonun sabiq klubu Azərbaycanı reklam edəcək

“Bakı” futbol klubu Avropanın daha bir nəhəng klubu ilə əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır. Lent.az-ın məlumatına görə, klubun vitse-prezidenti Zeynal Məmmədov və katibi Zəka İbrahimov Portuqaliya çempionu “Portu” ilə danışıqlar aparmaq üçün Pireney yarımadasında olub.

 

“Portu”nun bazasını ziyarət edən klub rəsmiləri Çempionlar Liqasının qalibinin infrastrukturu, bazası və iş metodları ilə yerindəcə tanış olublar. Onlar “texniki məsələlərlə tanışlıq” proqramı əsasında kluba aid bütün texniki şöbələrə, mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkib. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib.

 

Daha sonra Portuqaliya təmsilçisinin rəhbər şəxslərinin iştirakı ilə geniş toplantı olub. Baş direktor Antero Enrike bildirib ki, “Portu” son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. Bu uğurlu nəticəni necə əldə etdiklərini açıqlayan klub rəsmisi deyib ki, onlar uşaq futbol akademiyasının işinə xüsusi önəm verirlər və hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə yeniyetmə və gənc baxışdan keçmək üçün Portuqaliyaya dəvət olunur.

 

Nöbvəti gün “Bakı” nümayəndələri prezident Pintu da Koşta ilə görüşüblər. Tərəflər qarşılıqlı əməkdaşlıq üçün öz şərtlərini açıqlayıblar. “Portu”nun prezidenti işbirliyində maraqlı olduqlarını bildirərək, İspaniya “Atletiko”su kimi “Bakı” ilə əlaqə qurmaq ideyasını dəstəkləyib. Koşta Azərbaycanla bağlı istənilən brendin klubun formalarında reklamına müsbət yanaşıb. O bildirib ki, Madrid klubunun gördüyü ilk iş bütün dünyaya səs salıb.

 

“Portu”nun rəhbəri təklif edib ki, “Bakı”nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq olsunlar, 1 ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirsinlər. Eynilə portuqaliyalılar bu məqsədlə ölkəmizə səfər etməyə razıdır. Əsas komandalara gəlincə, avrokubokların daimi iştirakçısı “Bakı” ilə yoldaşlıq görüşündə qüvvəsini sınamağa hazırdır.

 

Qeyd edək ki, “Portu” 27 qat Portuqaliya çempionu olub və 16 dəfə Portuqaliya Kuboku, 19 dəfə Portuqaliya Superkuboku, 2 dəfə Çempionlar Kuboku, 2 dəfə UEFA Kuboku, 2 dəfə Qitələrarası Kubok, 1 dəfə UEFA Superkubokunu qazanıb. Bu komandaya 2004-cü ildə Çempionlar Liqasını Joze Mourinyo, 2011-ci ildə UEFA Kubokunu isə Andre Villaş-Boaş qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970
avatar

Oxşar yazılar