İspaniya “Real Madrid”inin baş məşqçisi Joze Mourinyo İngiltərənin “Çelsi” futbol komandasının sükanı arxasına keçməyə razılıq verib. Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis “zadəganlar”ın sahibi Roman Abramoviçlə Londondakı “Famiglia” restoranında etdiyi nahar vaxtı təklifə “hə” deyib.
Məlumatı qəzetə ötürən mənbə bildirir ki, Mourinyonun illik əmək haqqı 10 milyon funt təşkil edəcək. Bundan əlavə, “Çelsi” “Real Madrid”ə təcrübəli baş məşqçinin müqaviləsini pozması qarşılığında 12 milyon funt kompensasiya ödəyəcək.
Qeyd edək ki, Joze Mourinyo əvvəllər də “Çelsi”nin baş məşqçisi olub. 2004-cü ildə bu komandanın sükanı arxasına keçən Mourinyo 4 il ərzində 2 dəfə İngiltərə çempionluğu (2004-2005, 2005-2006), 2 dəfə Liqa Kuboku (2004-2005, 2006-2007), habelə İngiltərə Kuboku (2006-2007) və Superkuboku (2005) qazanıb.