Fevralın 2-də Antalyada Gürcüstanla yoldaşlıq görüşü keçirəcək milli komandamız bundan 3 gün əvvəl Moldova ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun millinin “sükanı arxası”nda qarşılaşacağı ilk rəqib də Türkiyəyə ideal heyətlə yollana bilməyəcək.
Doğrudu, Gürcüstan millisinin, demək olar ki, əsası legionerlərdən təşkil edildiyindən, onlar ikinci heyətlə mübarizə aparacaqlar. Ancaq moldovalıların ölkə xaricində çıxış edən oyunçuları elə də çox deyil.
Yeni ildəki ilk rəqibimiz ötən il DÇ-2018-in seçmə mərhələsində 5, yoldaşlıq görüşündə isə 1 dəfə meydana çıxıb. Bu müddətdə məşqçilər korpusu ümumilikdə 39 oyunçuya dəvət göndəriblər ki, onlardan 12-si ölkə xaricində çıxış edir.
Həmin 12 futbolçudan 4-nün Azərbaycanla qarşılaşmaya dəvət almayacağı, demək olar ki, dəqiqdi. Çünki millimizlə oyun ərəfəsində kapitan Aleksandru Yepuryanu, Artur İonita, Radu Ginsari və sabiq AZAL-lı Stanislav Namaşkonun komandası müvafiq olaraq Türkiyə, İtaliya, İsrail və Yunanıstan çempionatında növbəti oyunlarını keçirəcəklər. Xüsusən də, millinin liderləri olan Yepuryanu və İonitanın adını vurğulamaq olar.
Digər qapıçı Aleksey Koşelevin formasını geyindiyi “Politexnika” üçün qış fasiləsi fevralın 3-də başa çatacaq və Rumıniya klubu həmin gün “Voluntari” ilə üz-üzə gələcək. Yevgeni Kosius, İqor Armaş, Aleksandru Qatçan, Yevgeni Çebotaru və Katalin Karp mövsümün ikinci dövrəsinə hazırlıq üçün klublarının düşərgəsində olacaqlar. Moldova Futbol Federasiyası həmin klubları razı sala bilsə, adıçəkilən oyunçular yığmamızla qarşılaşmada iştirak edə bilərlər. Yeni mövsümə hazırlaşacaq İqor Buqayrov və Vladislav İvanovun isə dəvət alacaqları təqdirdə, Antalyaya yollanmalarında elə bir problem yoxdu.
Moldova millisinə ötən il ərzində çağırılanlardan 27-si isə daxili çempionatda iştirak edən oyunçulardı. Onlar arasında “Milsami”nin 9, “Şerif” və “Petrokub”un isə 5 üzvü yığmaya cəlb edilib.
Davam edən çempionatlar
Aleksandru Yepuryanu (müdafiəçi: “Başakşəhər”, Türkiyə). 29 yanvarda “Karabükspor”, 4 fevralda “Konyaspor”la oyun
Artur İonita (yarımmüdafiəçi: “Kalyari”, İtaliya). 28 yanvarda “Krotone”, 4 fevralda “Spal”la oyun
Radu Ginsari (hücumçu: “Hapoel”, Hayfa, İsrail). 27 yanvarda “Akko”, 3 fevralda “Bney Saxnin”lə oyun
Stanislav Namaşko (qapıçı: “Levadiakos”, Yunanıstan). 28 yanvarda “Xanti”, 4 fevralda “Kerkira” ilə oyun
Qış fasiləsi yaranan çempionatlar
Aleksey Koşelev (qapıçı: “Politexnika”, Rumıniya). 3 fevralda “Voluntari” ilə oyun
Yevgeni Kosius (yarımmüdafiəçi: “Jilina”, Slovakiya). 17 fevralda “Rujomberok”la oyun
İqor Armaş (müdafiəçi: “Anji”, Rusiya). 2 martda “Rubin”lə oyun
Aleksandru Qatçan (yarımmüdafiəçi: “Rostov”, Rusiya). 3 martda “Krasnodar”la oyun
Yevgeni Çebotaru (yarımmüdafiəçi: “Sibir”, Rusiya. I divizion). 4 martda “Luç Energiya” ilə oyun
Katalin Karp (müdafiəçi: “Ufa”, Rusiya). 4 martda “Dinamo” ilə oyun
Başa çatan çempionatlar
İqor Buqayrov (hücumçu: “İrtış”, Qazaxıstan). Yeni mövsüm martın əvvəli başlayacaq
Vladislav İvanov (yarımmüdafiəçi: “Krumkaçi”, Belarus). Yeni mövsüm aprelin əvvəli başlayacaq.