Ukraynanın Donetsk şəhərinin “Şaxtyor” futbol klubunun rumıniyalı baş məşqçisi Mirça Luçeskunun özünə yeni komanda axtarması ilə bağlı xəbərlər yayılır.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, Rumıniyanın “sport.ro” saytının yaydığı xəbərə əsasən, o, Moskvanın “Spartak” komandasının rəhbərliyi ilə danışıqlar aparmaq üçün Vyanaya səfər edib.
Rumıniyalı mütəxəssisin Ukrayna çempionu ilə müqaviləsinin bitməsinə hələ bir mövsüm var. Mənbə bildirib ki, bununla belə ölkədə yaranan mövcud siyasi vəziyyətə görə o, Donetskdə qalmaq istəmir.
Xatırladaq ki, Mirça Luçesku 10 il “Şaxtyor”un baş məşqçisi olub. Onun başçılığı ilə klub Ukraynanın 8 qat çempionu olub, Ukrayna Kubokunu 5 dəfə başı üzərinə qaldırıb, bir dəfə UEFA Kubokunu qazanıb.