Milli Olimpiya Komitəsindən yenilik
03 may 2013 19:24 (UTC +04:00)

Milli Olimpiya Komitəsindən yenilik

 

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) daha bir yeniliyə imza atıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, MOK “Azərsun Holdinq”la kağız emalına dair razılaşma əldə edib.

 

Razılaşma 2 mərhələdə həyata keçiriləcək. Əvvəlcə “Azərsun Holdinq” MOK-un inzibati binasını xüsusi yaşıl qutularla təmin edəcək və komitənin istifadə etdiyi bütün kağız məmulatları bu qutularda toplanacaq. Daha sonra toplanmış kağız məmulatları təkrar emal olunmaq üçün “Azərsun Holdinq”in kağız emalı üzrə fabrikinə göndəriləcək.

 

Bundan əlavə, qəbul olunmuş qərara əsasən, MOK-un ofisini mərhələli şəkildə “yaşıl” ofisə çevirmək də planlaşdırılıb. MOK-nin əməkdaşlarını ətraf mühitlə dost olmağa və ondan səmərəli istifadə etməyə çağıran komitənin vitse-prezidenti Çingiz Hüseynzadə deyib: “İdmanın inkişafı ilə bağlı layihələrdə ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Misal olaraq, Bakı Olimpiya Stadionunun tikintisini göstərmək olar. Hazırda tikilməkdə olan və 2015-ci ildə I Avropa Oyunlarında istifadəsi nəzərdə tutulmuş Bakı Olimpiya Stadionunun mühəndis-layihələndirmə işləri zamanı tikintinin ətraf mühitə təsiri ciddi araşdırılıb və bütün addımlar da məhz nəticələrdən asılı olaraq atılıb. Bakı Olimpiya Stadionunun tikinti zamanı çirkli torpaqların təmizlənməsi və bu gündən etibarən istifadə edilmiş kağızların təkrar emala göndərilməsinə başlamağımız ətraf mühitə olan diqqət və qayğımızın nəticəsidir”.

 

Qeyd edək ki, atılan addımın əsas məqsədi təkcə təbiətin qorunmasına töhfə vermək yox, həm də digər dövlət strukturları və özəl müəssisələri bu cür addımlara sövq etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar