Türkiyə Superliqasının 10-cu turu çərçivəsində dünən keçirilən “Bursaspor” – “Fənərbağça” matçına (1:1) qonaqların müdafiəçisi Caner Erkin “damğa vurub”. Lent.az-ın məlumatına görə, 26 yaşlı futbolçu erkən əvəzlənməsinə çılğın şəkildə etiraz edib. Matçın əvvəllərində hakimə etiraz etdiyi üçün sarı vərəqə alan Caner komandasının buraxdığı qolda səhvə yol verib. Nəticədə baş məşqçi İsmail Kartal onu 35-ci dəqiqədə əvəzləyib. Bu isə Erkinin kəskin narazılığına səbəb olub. Deyinə-deyinə meydandan çıxan Caner birbaşa soyunub-geyinmə otağına yollanıb. Gedərkən “Mən bir də bu komandada oynamaram” deyən Erkin ona narazılıq edən Əmrə Belözoğlunu söyüb. Ancaq matçdan sonra türkiyəli futbolçu etdiyi hərəkətə görə peşman olduğunu bildirərək, üzr istəyib: “Məşqçidən və bütün camiəmizdən üzr istəyirəm. Hisslərimi cilovlaya bilmədim. Bir də belə hərəkət təkrarlanmayacaq”.
Bununla bağlı danışan İsmail Kartal isə futbolçunu bağışladığını bildirib: “Mən onu yaxşı tanıyıram. Bir anlıq əsəbləşdi. Əslində isə ürəyi təmiz uşaqdır. Bu hadisəni şişirtmək lazım deyil”.