“Azərbaycanda birinci Avropa Oyunlarının iştirakçıları və qonaqları üçün maksimum rahat şərait yaradılır. Oyunlara hazırlıq mərhələsi artıq yekunlaşmaq üzrədir. Planda nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin, demək olar ki, hamısı inşa edilib. Hazırda oyunların açılış mərasiminə hazırlıq işləri sürətləndirilib. Açılış mərasiminədək bir neçə test yarışlarının keçirilməsi nəzərdə tutulub”.
APA-nın xəbərinə görə, bunu Rusiyanın TASS agentliyinə müsahibəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib.
M. Əliyeva bildirib ki, birinci Avropa Oyunları gələcəyin standartlarını müəyyənləşdirəcəkdir: “Oyunlara hazırlıq işlərinə məhz bu baxımdan yanaşırıq. Məqsədimiz budur ki, Oyunların bütün iştirakçıları və nümayəndə heyətləri özlərini rahat hiss etsinlər”.
“Fərqi yoxdur, istər bir olsun, istərsə də min, qonaq qəbul etmək Azərbaycan xalqının qanında, canındadır” deyə, Mehriban Əliyeva bildirib.
Onun sözlərinə görə, idmana yatırılan sərmayələr uzunmüddətli perspektivə malikdir. M. Əliyeva deyib ki, o, nəticədə bu sərmayələrin cəmiyyətə, cəmiyyətin hər bir üzvünə fayda verəcəyinə əmindir.