İtaliyanın Azərbaycandakı səfiri Mario Ciorcio Stefano Baldi motorlu qayıq üzrə “Formula-2” üzrə dünya çempionatının ikinci mərhələsinin Bakıda təşkilinə dəstək verib. Lent.az-ın məlumatına görə, iyulun 6-da start götürəcək “Bakı Qran-prisi” ilə bağlı açıqlama verən Baldi Azərbaycan paytaxtında bu növ üzrə yarışlar üçün hər cür şəraitin olduğunu bildirib.
Səfir deyib: “Bakıda motorlu qayıq üzrə “Formula-2”nin təşkil olunacağını ilk dəfə eşidən kimi bu ideyanı tam dəstəklədim. Düşünürəm ki, belə bir yarış üçün burada hər cür şərait var. Çünki Bakı dəniz sahilində yerləşir”.
Baldi İtaliya şəhərləri ilə Bakını da müqayisə edib. İtaliyalı səfir bildirib ki, 4 il öncə ölkəmizdə fəaliyyətə başladığı vaxt minlərlə insanın bulvarda gəzməsi onda əsrarəngiz təsir bağışlayıb. Bu zaman qonaq Napoli və İtaliyanın digər şəhərlərini xatırlayıb. Onun diqqətini cəlb edən digər məsələ isə Azərbaycanda maşınların səs-küylə idarə edilməsi olub: “Azərbaycanlı və italyanların səsdən xoşları gəlir. Milyonlarla italyan üçün “Ferrari”, “Lamborghini”, “Maserati” səsi adi səs yox, musiqi sədasıdır. Düşünürəm ki, bu, Azərbaycanda da belədir”.
Baldi bildirib ki, müstəqil Azərbaycanla İtaliya arasındakı biznes əməkdaşlığının ilk səbəbi energetika olub. Amma onun fikrincə, tarixən iki ölkəni bir-biri ilə İpək yolu, Marko Polodan bəri dostluq əlaqələri bağlayır.