Kaladze futbolla gözüyaşlı vidalaşdı
01 iyun 2013 11:45 (UTC +04:00)

Kaladze futbolla gözüyaşlı vidalaşdı

Gürcüstanın ən titullu futbolçusu Kaxa Kaladzenin vida matçı keçirilib. Lent. az-ın məlumatına görə, Tiflisdəki Boris Payçadze adına stadionda İtaliyanın “Milan” klubunun veteranlardan ibarət komandası ilə “Kaxa Kaladzenin dostları” üz-üzə gəlib.

 

Görüş “Milan”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Amma hesabı məğlub komanda açıb. 26-cı dəqiqədə Georgi Demetradze penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Filippo İnzagi penalti ilə bərabərliyi təmin edib. 71-ci dəqiqədə Andrey Şevçenko, 74-cü dəqiqədə Petro Verxovod fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər.

 

Görüşü 60 minədək tamaşaçı izləyib. Onların arasında Gürcüstanın baş naziri Bidzina İvanişvili və “Milan”ın vitse-prezidenti Adriano Qalliani də olub. Oyun Kaxa Kaladzenin 4 yaşlı oğlu Levanın topa simvolik toxunuşu ilə başlayıb. İlk yarıda Kaladze “Milan”ın heyətində yer alıb. Bu komandada Stefano Fyori, Dario Şimiç, Paolo Maldini, Ruy Koşta, Zvonimir Boban, Andrey Şevçenko, Sebastyano Rossi, Franko Barezi, Mate Flamini, Canluka Zambrotta, Federiko Cunti, Filippo İnzaqi, Kristian Vyeri, Massimo Ambrozini, Roke Junior, Serjinyo, Cuzeppe Pankaro, Massimo Oddo, Karbone, İbrahim Ba, Alberto Cilardino, Petro Verxovod kimi ulduzlar meydana çıxıb. İkinci yarıda isə səbəbkar dostları Zviada Sturua, Murtaz Şeliya, David Muciri, Sergey Rebrov, Levan Kobiaşvili, Levan Tskitişvili, Şota və Arçil Arveladze, Georgi Kinkladze, Malxaz Asatiani, Aleksandr İaşvili, Andrey Qusin, Georqi Demetradze, Luka Toni, Fabio Kannavaro, Aleksandr Şovkovski, Vladislav Vaşuk, Hakan Şükürlə birgə oynayıb.

 

Matçdan sonra İvanişvili və Qalliani meydana çıxaraq, Kaladzeyə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Gürcüstanın baş nazir öz müavini və ölkənin energetika naziri vəzifəsində çalışan sabiq futbolçuya hazırkı postlarında uğurlu fəaliyyəti və komandada gözəl oyun bacarığına görə minnətdarlıq edib. “Milan”ın vitse-prezidenti isə komandanın sabiq müdafiəçisinə xatirə kuboku təqdim edib. Kaladze isə stadiona toplaşanlara hər zaman hiss etdiyi sevgi və dəstək qarşılığında minnətdarlıq edib. O,  bütün məşqçiləri, komanda yoldaşları, “Milan” rəhbərliyini də yaddan çıxarmayıb. Mərasimin sonunda stadionda “Biz fəxr edirik ki, sən gürcüsən” plakatı nümayiş etdirilib. Kaladze azarkeşlərin alqış sədaları altında stadionu gözüyaşlı tərk edib. Tədbiri izləyənlər arasında azərbaycanlı futbol veteranları da olub. Lakin onlardan heç biri oynamayıb.

 

Qeyd edək ki, Kaxa Kaladze Çempionlar Liqasının ikiqat qalibi olmuş yeganə gürcü futbolçudur. Məşhur futbolçu bu uğura “Milan”ın heyətində nail olub. Onun aktivində Tiflis “Dinamo”su ilə 4 dəfə Gürcüstan çempionluğu, Kiyev “Dinamo”su ilə 3 dəfə Ukrayna çempionluğu və “Milan”la 1 dəfə İtaliya çempionluğu da var. Həmçinin Kaladze 4 dəfə Gürcüstanın ən yaxşı futbolçusu sayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013
avatar

Oxşar yazılar