Azərbaycan futbol veteranlarından ibarət nümayəndə heyəti Gürcüstanın paytaxtı Tiflisə yollanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, veteranlarımız Gürcüstanın sabiq futbolçusu, hazırda isə ölkənin energetika naziri Kaxa Kaladzenin vida matçı ilə əlaqədar səfərdədirlər.
Gürcüstan Futbol Federasiyası və qurumun baş sponsoru “SOCAR Georgia”nın dəvəti əsasında baş tutan səfərdə İsgəndər Cavadov, İqor Ponomaryov, Oqtay Abdullayev, Asim Xudiyev, Asif Əliyev, Vəli Qasımov və Maşallah Əhmədov yer alıb. Onlar Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Tiflisdəki abidəsini ziyarət ediblər.
Oyun mayın 31-də Tiflisdəki Boris Payçadze adına stadionda keçiriləcək. Bakı vaxtı ilə saat 21:30-da başlanacaq veteranlar arasındakı matçda “Milan” və “Kaxa Kaladzenin dostları” üz-üzə gələcəklər. Lakin “Kaladzenin dostları” arasında azərbaycanlı futbol veteranlarından heç biri yer almayacaq. “Milan”ın baş məşqçisi Karlo Ançelottiyə Fatih Terim rəqib olacaq.
“SOCAR Georgia”nın baş direktoru Mahir Məmmədov isə Lent.az-a açıqlamasında veteran futbolçularımızın meydana çıxmayacaqlarını təsdiqləyib. O bildirib ki, Kaladze Tiflis və Kiyev “Dinamo”ları, eləcə də “Milan”da çıxış etdiyi vaxt komanda yoldaşı olmuş futbolçulara dəvət göndərib: “Veteran futbolçularımızla onun yolu heç vaxt kəsişməyib. Veteranlarımızdan ən gənci və Avropanın tanınmış klublarında çıxış edəni Vəli Qasımov yaxın dostumdur, amma etiraf etməliyik ki, Kaladze ilə onun uğurları müqayisəyəgəlməzdir. Ona görə də veteranlarımızın futbolçu qismində meydana çıxmamalarını təbii qəbul etmək lazımdır”.
Qeyd edək ki, Kaxa Kaladze futbolçu karyerası ərzində ən böyük uğurlarını “Milan”da qazanıb. O, bu komandada keçirdiyi 9 mövsüm ərzində İtaliya çempionluğu (2004), ölkə kuboku (2003), Superkubok (2005), Çempionlar Liqası (2003, 2007), UEFA Superkuboku (2003, 2007) və klublararası dünya çempionluğu (2007) qazanıb.