İspaniyanın “Real” futbol komandasının baş məşqçisi Joze Mourinyo kluba məxsus “Santyaqo Bernabeu” stadionunun təhlükəsizlik xidməti rəisi ilə məzələnib. Lent.az-ın məlumatına görə, “Valyadolid”lə 34-cü tur matçının gedişində portuqaliyalı mütəxəssis məşqçilər skamyasının qarşısından naməlum kiçik əşyanı götürərək, yanaşı skamyada oturan klub əməkdaşına tərəf atıb.
Əşya hədəfi tapıb. Amma təhlükəsizlik xidməti rəisi nə qədər ətrafa boylansa da, ona yad əşya atanı tapmayıb. Mourinyo bu zaman öz rolunu elə oynayıb ki, klub əməkdaşının ondan şübhələnməyə əsası olmayıb. Amma baş məşqçinin necə deyərlər, bekarçılığının səbəbini izah etmək çətindir. Çünki “Real” “Valyadolid”ə çətinliklə qalib gəlib – 4:3.
Qeyd edək ki, İspaniya çempionatının sonuna 4 tur qalmış “Real” lider “Barselona”dan 11 xal geridədir və qızıl medal şanslarını faktiki itirib.