İtaliyanın “Kataniya” futbol komandasının baş məşqçisi Rolando Maran mövsüm ərzində ikinci dəfə istefaya göndərilib. Lent.az-ın məlumatına görə, buna komandanın A seriyasında uğursuzluq zolağından çıxa bilməməsi səbəb olub.
32-ci turda “Torino”ya 1:2 hesablı məğlubiyyətdən sonra rəhbərlik onu qovmağa qərar verib. Hazırda “Kataniya” turnir cədvəlində sonuncu pillədədir.
Maran 2013-2014-cü il mövsümündə ilk dəfə ötən ilin oktyabrında istefaya göndərilib. Bu ilin yanvarında 58 yaşlı mütəxəssis Luici De Kanionu əvəzləyərək, postuna qayıdıb.
Qeyd edək ki, mövsüm ərzində 2 dəfə baş məşqçinin istefaya göndərilməsinə Azərbaycan Premyer Liqası klublarından “Rəvan”da da rast gəlinib. Paytaxt təmsilçisi 2011-2012-ci il mövsümündə Bəhmən Həsənovu iki dəfə baş məşqçi postundan azad edib.