Daha bir oyunçu futbol üzrə 2014-cü il dünya çempionatından sonra İspaniya milli komandasını tərk edəcəyini açıqlayıb. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, bu dəfə qapıçı İker Kasilyas yığmadan getməyə hazırlaşdığını söyləyib.
Braziliyadakı mundialdan sonra hazırkı dünya və Avropa çempionunun sıralarını müdafiəçi Karles Puyol, yarımmüdafiəçi Xavi və Xabi Alonso, habelə hücumçu David Vilya və Fernando Torres də tərk edəcək. Eyni zamanda Visente Del Boske baş məşqçi postu ilə vidalaşacaq. 32 yaşlı qolkiper deyib: “Qarşıdakı dünya çempionatında da yaxşı oynasaq, nələr olacağını özünüz təsəvvür edin”.
Qeyd edək ki, İker Kasilyas 2000-ci ildən İspaniya milli komandasında çıxış edir. Ötən müddətdə Kasilyas 145 oyunda cəmi 79 top buraxıb. O, 2010-cu ildə dünya, 2008 və 2012-ci illərdə isə Avropa çempionluğu qazanıb.