Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Qəbələ” matçı ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, bunlardan biri baş hakimin qarşılaşmanın protokolundakı qeydi olub.
Belə ki, matçı idarə etmiş Rəhim Həsənov oyundan sonra protokolda “Qarabağ”ın ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin rəqib futbolçulara qarşı qeyri-etik jest etdiyini vurğulayıb.
Maraqlıdı ki, “2-ci qoldan sonra “Qarabağ” komandasının 12 nömrəli oyunçusu Şahruddin Məhəmmədəliyev rəqib komandasının oyunçularına qeyri-etik jest göstərib, ani halda meydanı və texniki zonanı tərk etdi” cümləsini əlavə edən FİFA referisi milliləşdirilmiş qolkiperə qırmızı vərəqə göstərməyib.
İkinci maraqlı məqam ondan ibarətdi ki, AFFA İntizam Komitəsinin bu gün keçirilmiş iclasından sonra bildirilib ki, Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb. Bu isə hakimlə İntizam Komitəsi arasında fikir ayrılığını ortaya qoyur.
Əgər həmin epizodda “Qarabağ”ın qapıçısı rəqibin futbolçularına qarşı qeyri-etik jest etməyibsə, referi bunu niyə protokola salıb? Yox, əgər Şahruddin o hərəkətə yol veribsə, o zaman matçın videogörüntüsünü izləyən İntizam Komitəsi niyə bunu aşkar etməyib? Kimdi günahkar? Özünüz şərh verin...